Adambaşına düşən ÜDM 6066 manatı keçdi – Son 5 ilin ikinci ən yüksək göstəricisi

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin ilk yarısında ümumi daxili məhsul həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% və ya 2,11 milyard manat artaraq 62,08 milyard manata çatıb.
Ötən ilin I yarısında ÜDM-yə dair göstərici 59,97 milyard manat olub və bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7% və ya 0,45 milyard manat az deməkdir.
Son 5 ilin ilk yarım illəri üzrə ən yüksək ÜDM istehsalı 63,39 milyard manat ilə 2022-ci ildə, ən az isə 40,76 milyard manat ilə 2021-ci ildə qeydə alınıb. 2021-ci ildə ÜDM həcminin kəskin az olması həmin dövrdə ölkədə və dünyada hökm sürən “COVID-19” pandemiyası ilə bağlı olub.
Son 5 ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunda ÜDM istehsalı daim artsa da, 2022-ci ildən cari ilədək neft-qaz sektorunda azalma qeydə alınıb. Bu sektor üzrə yeganə artım 2022-ci ildə qeydə alınıb ki, bu da pandemiya ilə bağlı olub.
Daha dəqiq desək, cari ilin I yarısında neft-qaz sektoru üzrə ÜDM istehsalı 19,09 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,2% və ya 1,26 milyard manat azdır.
2025-ci ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı 2024-cü ilin rəqəmlərini 8,5% və ya 3,37 milyard manat üstələyərək 42,99 milyard manata bərabər olub.
Hesabat dövründə adambaşına düşən ÜDM həcmi isə cari ilin I yarısında 6066,1 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% və ya 181,7 manat çoxdur.
Son 5 il üzrə adambaşına düşən ən yüksək ÜDM həcmi 2022-ci ilin I yarısında 6307,4 manat olaraq qeydə alınıb. Ən aşağı göstərici isə 2021-ci ildə, yəni pandemiya dövründə 4072,4 manat olaraq qeydə alınıb.
Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələri tərəfindən açıqlanan rəsmi rəqəmlərin təhlili göstərir ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycan ÜDM həcminə görə regionun digər ölkələri arasında lider olub. Qeyd edək ki, cari ilin birinci rübündə ölkədə ÜDM həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% və ya 0,5 milyard dollar artaraq 17,6 milyard dollara çatıb.
7,7 milyard dollar həcmində ÜDM ilə Gürcüstan ikinci sırada yer alıb. Gürcüstanın ÜDM həcmi Azərbaycanda olduğu kimi ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 milyard dollar artıb. Faizlə ifadədə isə 6,9% artım qeydə alınıb.
Son sırada 5,4 milyard dollar həcmində ÜDM ilə Ermənistan qərarlaşıb. Bu göstərici ötən ilin I rübündə qeydə alınan rəqəmlər ilə müqayisədə 8% və ya 0,4 milyard dollar çoxdur.