Avropa İttifaqından Rusiyaya qarşı ən sərt sanksiyalar paketi

Avropa İttifaqı Rusiyaya qarşı indiyədək tətbiq edilən ən sərt sanksiyalar paketini elan edib. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında açıqlama yayıb.
Təhlil.az xəbər verir ki, sanksiyaların əsas məqamları aşağıdakılardır:
Rusiya bankları üçün maliyyə mənbələrinə çıxış məhdudlaşdırılır;
Hərbi büdcəyə zərbə – maliyyə axınlarına nəzarət sərtləşdirilir;
105 Rusiya gəmisinə qarşı məhdudiyyətlər – “gizli fəaliyyətlərə” zərbə;
“Şimal Axını” boru kəmərləri rəsmi şəkildə tam qadağan edilir;
Neftin tavan qiyməti aşağı salınır – Rusiya neft gəlirlərinə zərbə;
Çin banklarına sanksiyalar – sanksiyalardan yayınmağa yardım edənlər də hədəfdədir;
Dron istehsalında istifadə edilən texnologiyaların ixracına qadağa;
Hindistandakı “Rosneft” zavoduna qarşı məhdudiyyətlər.
Bununla da Aİ Rusiyanın hərbi imkanlarını zəiflətmək, müharibəni maliyyələşdirmə qabiliyyətini məhdudlaşdırmaq və beynəlxalq sanksiyalardan yayınmanın qarşısını almaq niyyətini güdür.
“Aqressiyanı dayandırmaq Rusiyanın yeganə çıxış yoludur. Biz isə birlikdə və ardıcıl şəkildə təzyiqi artırırıq”, - deyə Kallas qeyd edib.
Bu sanksiyalar paketi xüsusilə Çin və Hindistan kimi üçüncü tərəfləri də əhatə etməsi baxımından qlobal ölçüdə təsirə malik yeni mərhələnin başlandığını göstərir. Aİ-nin qəti mövqeyi Moskvanın müharibəni uzatmasına qarşı maliyyə cəbhəsində sıxılma siyasətidir.