ABŞ-Rusiya münasibətləri psixoloji müharibə mərhələsində - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın “Putinlə hər dəfə danışandan sonra sülhə ümidim artır, amma bir neçə saat sonra Ukrayna bombalanır” bəyanatı Amerika-Rusiya münasibətlərində getdikcə dərinləşən böhranı və liderlər səviyyəsində yaranan inamsızlığı bir daha göz önünə sərdi. Trampın bu sözləri təkcə şəxsi məyusluq ifadəsi deyil, eyni zamanda Kremlin diplomatiyasına qarşı Vaşinqtonda formalaşan yeni yanaşmanın təməlini qoyacaq ciddilikdədir. Maraqlıdır ki, Donald Tramp həm prezident seçkiləri öncəsi, həm də dövlət başçısı seçiləndən sonra Putinə loyal münasibət göstərmiş və bir çox hallarda sentimental diplomatik münasibətlər nümayiş etdirmişdi. Bu, həm Ukraynada, həm də Qərbdə müxtəlif reaksiyalar doğursa da Tramp onların heç birinə məhəl qoymamışdı, hətta bir neçə ay bundan əvvəl Ağ Evdə Zelenskini bütün dünya ictimaiyyətinin qarşısında sərt tənqid etmişdi. Hazırda isə Tramp öz bəyanatında aydın şəkildə Putindən narazılığını ifadə edir, bir növ Rusiya Prezidentini onun sözünə baxmamaqda günahlandırır. Bu vəziyyət ilk növbədə Tramp dövründə formalaşan liderlərarası diplomatiya üslubunun sərhədlərini göstərir. Putinlə telefon danışıqları zamanı əldə olunan pozitiv ab-hava Ukrayna şəhərlərinin bombardmanları ilə tez bir zamanda darmadağın olur. Bu isə göstərir ki, Moskvanın strateji qərarları şəxsi münasibətlərdən daha çox sistemli siyasi məqsədlərə əsaslanır. Deməli, Ukrayna münaqişəsi ABŞ-Rusiya münasibətlərini yalnız diplomatik və iqtisadi cəhətdən deyil, psixoloji planda da yenidən formalaşdırır. Rusiya bu münaqişədə təkcə Ukrayna ilə deyil, əslində Qərblə, xüsusilə ABŞ ilə qarşıdurma yaşadığını bildirir. ABŞ isə bu gərginliyi regional münaqişədən daha çox, qlobal nizam uğrunda mübarizə kimi qiymətləndirir.
Bir çox ekspertlər hazırki vəziyyəti XXI əsrin yeni soyuq müharibəsi adlandırır. Lakin bu müharibə artıq ideologiyalar arasında deyil, maraqlar, enerji dəhlizləri, informasiya texnologiyaları və diplomatik nüfuz sahələri üzərində gedir. Tramp administrasiyası, əvvəlki dövrlərdə olduğu kimi, birbaşa hərbi qarşıdurmadan qaçmağa, lakin iqtisadi və informasiya təzyiqini artırmağa meyillidir. Bu yanaşma Amerikanın qlobal strateji planına uyğundur. Bu müstəvidə ABŞ-nin Rusiya siyasətində gələcəkdə bir neçə istiqamətdə dəyişiklik və güclənmə müşahidə oluna bilər. Birincisi, Vaşinqton Rusiya ilə birbaşa dialoqu davam etdirməklə yanaşı, onu regional və qlobal təşkilatlarda tədricən təcrid etməyə çalışacaq. Bu istiqamətdə Avropa İttifaqı, Yaponiya, Avstraliya və NATO müttəfiqləri ilə sıx koordinasiya güclənəcək. Eyni zamanda, Vaşinqton Orta Asiya və Qafqaz ölkələrini Rusiya orbitindən çıxarmağa çalışacaq. İkincisi, Tramp administrasiyası Rusiyaya qarşı “seçici, lakin hədəfli” sanksiyalar siyasətini davam etdirəcək. Artıq Tramp bunun ilkin anonsunu da verib. Belə ki, əgər 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmasa ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcək. Yeni sanksiyalar isə texnologiya, enerji ixracatı, bank sektoru və hərbi sənaye sahələrinə yönələcək. Həmçinin, Çin ilə əməkdaşlıq edən rus qurumları da ikinci dərəcəli sanksiyaların hədəfi ola bilər. Əlbəttə ki, Rusiya ilə informasiya müharibəsi artıq reallıqdır və bu çərçivədə ABŞ-nin texnoloji qurumları, süni intellekt sahəsindəki şirkətlər və sosial media platformaları Kremlin təsirinə qarşı yeni mexanizmlər tətbiq edəcək. Bundan əlavə, Vaşinqton enerji sahəsində Rusiyanı sıxışdırmaq üçün Avropa ilə maye qaz tədarükünü artıracaq, “yaşıl enerji” təşəbbüsləri ilə Rusiyanın enerji asılılığından qurtulmaq istəyən ölkələrə dəstək verəcək.
Donald Trampın “bu cür davam edə bilməz” ifadəsi, əslində bir dönüş nöqtəsinin yaxınlaşdığını göstərir. Həm ABŞ, həm də Rusiya Ukrayna ətrafında apardıqları mübarizənin təkcə regional təsirlərlə məhdudlaşmadığını anlayır. ABŞ üçün bu münaqişə həm də Çin-Rusiya yaxınlaşmasının qarşısını almaq üçün bir vasitədir. Rusiya üçünsə Ukrayna üzərindəki təsir həm geosiyasi güc nümayişi, həm də daxili siyasi sabitliyin təminatıdır. Lakin Donald Trampın Putinlə bağlı son açıqlamaları göstərir ki, ABŞ rəhbərliyi Rusiyaya qarşı yeni və daha sərt diplomatik ritorikaya keçməkdədir. Bu gərginlik yalnız ikitərəfli münasibətlərin böhranı deyil, həm də post-soyuq müharibə dövründə formalaşan beynəlxalq sistemin sarsıntısıdır.
MTM Analitik Qrupu