Çexiyada kommunizmə qarşı qanun: 5 il həbs cəzası

Çexiyada kommunist ideologiyasının təbliği qadağan edilib. Təhlil.az xəbər verir ki, ölkənin cinayət məcəlləsinə müvafiq dəyişiklikləri cümə axşamı prezident Petr Pavel imzalayıb. Yeni normaya görə, kommunizm faktiki olaraq nasizmlə eyniləşdirilir və onun təbliğatına görə beş ilədək həbs cəzası nəzərdə tutulur. Bu, “insan hüquq və azadlıqlarını boğmağa və ya irqi, etnik, milli, dini və ya sinfi ədavəti qızışdırmağa yönəlmiş nasist, kommunist və ya digər hərəkatları yaradan, dəstəkləyən və ya təbliğ edən” hər kəsə aiddir.
Düzəlişlər Çexiya elmi müəssisələrinin, o cümlədən Totalitar Rejimlərin Öyrənilməsi İnstitutunun təşəbbüsü ilə hazırlanıb. Onlar qeyd ediblər ki, ölkədəki “hüquqi disbalans” düzəldilməlidir. Avropa Parlamentinin üzvü Katerina Konecnanın rəhbərlik etdiyi Bohemiya və Moraviya Kommunist Partiyası hökumətin bu addımını pisləyib. "Bu, partiyanı qanundan kənara çıxarmaq və mövcud rejimi tənqid edənləri qorxutmaq üçün növbəti uğursuz cəhddir", - deyə kommunistlər etiraz ediblər. Partiya Çexiya parlamentində təmsil olunmasa da, son sorğulara görə, üzvü olduğu “Yetər” alyansı oktyabrda keçiriləcək seçkilərdə 5% səs toplaya bilər. Yeni düzəlişlərin partiyanın fəaliyyətinə tam olaraq necə təsir edəcəyi hələ aydın deyil.