Aİ “X”ə qarşı araşdırmanı dondurdu: Trampa jest, Brüsselə güzəşt?

Avropa İttifaqı ABŞ ilə davam edən ticarət danışıqları fonunda İlon Maskın sosial media saytı “X” ilə bağlı araşdırmanı dayandırır.
Təhlil.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
“Baş verənlərin hamısı əlaqəlidir”, - deyə mənbə qəzetə bildirib.
Onun sözlərinə görə, Aİ araşdırmanın nəticələrini yayda açıqlamalı idi, lakin bu müddəti təxirə sala bilər. Qərar Vaşinqton və Brüssel arasında ticarət danışıqlarının gedişindən asılıdır, çünki heç kim ABŞ prezidenti Donald Trampı incitmək və transatlantik ticarət münaqişələrini gücləndirmək istəmir.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Avropa Komissiyası “X” sosial şəbəkəsinin fəaliyyətini araşdırmağa başlayıb. Səbəb “X”in Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozması ilə bağlı şübhələrdir. Bu akt platformalardan qanunsuz məzmunları silməyi tələb edir. Komissiya “X”in belə məzmunları silmədiyindən və ya qaydalara uyğun işləmədiyindən şübhələnir. Əgər pozuntu təsdiqlənsə, “X” cərimə oluna və ya dəyişiklik etməyə məcbur edilə bilər.