Dünən

Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib

Qarabağ Dirçəliş Fondu 2024-cü il 31 dekabr tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq dövr üzrə apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.

Təhlil.az bu barədə Qarabağ Dirçəliş Fondunun məlumatına istinadla xəbər verir.

Bildirilib ki, Fondun maliyyə hesabatları 2024-cü il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı əhatə edir.

Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə kənar auditor təyin edilən “PwC Azərbaycan” şirkəti tərəfindən Qarabağ Dirçəliş Fondunun maliyyə hesabatına dair verilən rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 2024-cü il 31 dekabr tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir”.

Qeyd edilməlidir ki, Müşahidə Şurasının digər müvafiq qərarı ilə auditorun rəyi qəbul edilib.

Məlumat üçün bildirək ki, 2024-cü il ərzində Qarabağ Dirçəliş Fonduna ümumilikdə 80,286,899 AZN ianə olunub.

Eyni zamanda, qeyd olunmalıdır ki, Fond sərbəst vəsaitin bir qismini qiymətli kağızlara yerləşdirməklə 2024-cü il ərzində 74,579,021 AZN maliyyə (investisiya) gəliri əldə edib. Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 58 faiz artıb. Nəticədə, maliyyə gəlirlərinin Fondun il üzrə ümumi gəlirlərində payı 18.60 faizdən 48.16 faizə qədər yüksəlib. Bununla da, 2024-cü il dekabrın 31-nə olan Fondun cəmi aktivlərinin həcmi 9.5 faiz və ya 140,7 milyon manat artaraq 1,617,812,902 AZN-ə çatıb.

Eyni zamanda, qeyd olunmalıdır ki, 2024-cü il üçün Fondun mənfəət vergisi 14,596,022 AZN təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,198,877 AZN (55.32 faiz ) çoxdur.

Fondun hesabatları və auditorun rəyi ilə Fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində tanış olmaq olar.

Azərbaycan dilində: https://qdf.gov.az/media/files/article/255/MHBS-uygun-Maliyye-Hesabatlari-ve-Musteqil-Auditorun-Hesabati-2024.pdf

İngilis dilində: https://qdf.gov.az/media/files/article/255/IFRS-Financial-Statements-and-Independent-Auditor-s-Report-2024.pdf

Xatırladaq ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinə əsasən, Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Bu standartlara uyğun olaraq, Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Müşahidə Şurasının əsas vəzifələrindən biridir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?