Berdiməhəmmədovun Qarabağ səfəri Türk birliyinə dəstək mesajıdır - ŞƏRH

İyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri təkcə protokol ziyarəti deyil, regional və strateji baxımdan çoxqatlı mənalar daşıyan bir hadisədir. Bu, onun Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycana ilk səfəridir və simvolik olaraq məhz azad olunmuş ərazilərə getməsi, burada aparılan bərpa işləri ilə tanış olması diqqətdən yayınmamalıdır.
Berdiməhəmmədovun Qarabağa səfəri rəsmi Aşqabadın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin səssiz, lakin aydın mesajıdır. Bu, həm də Türkmənistanın Cənubi Qafqazla, xüsusən də Azərbaycanla münasibətlərini sadəcə iqtisadi deyil, mənəvi və tarixi baxımdan da möhkəmləndirmək istədiyini göstərir.
Azərbaycanla Türkmənistan arasında əlaqələr təkcə dostluq və ortaq mədəni köklərə deyil, həm də çox ciddi iqtisadi təmələ söykənir. Türkmən qazının Avropaya nəqlinə dair potensial layihələr, Xəzərin ortasındakı “Dostluq” yatağının birgə işlənməsi, tranzit imkanlarının genişləndirilməsi iki ölkə arasında strateji tərəfdaşlığın nümunəsidir.
Bununla yanaşı, Lapis-Lazuli dəhlizi və Xəzər-Qara dəniz nəqliyyat kəməri kimi layihələr regionun təkcə iqtisadi deyil, geosiyasi xəritəsini də dəyişə bilər. Azərbaycan və Türkmənistan artıq bu prosesin əsas oyunçularından biridir.
Türkmənistan hələlik Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusundadır. Amma Berdiməhəmmədovun Bakı səfəri və Azərbaycanla artan əməkdaşlıq fonunda bu statusun gələcəkdə tamhüquqlu üzvlüyə çevriləcəyi ehtimalı güclənir.
2022-ci ildə yaradılmış Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli əməkdaşlıq formatı artıq praktiki nəticələr verir. Bu çərçivədə keçirilən Zirvə görüşü, imzalanan sənədlər və regional layihələr Türkdilli dövlətlərin birgə fəaliyyətinə konkret töhfə verir.
Zəngin enerji ehtiyatlarına malik olan Türkmənistanın bu alyansa tamhüquqlu şəkildə qoşulması TDT-nin qlobal çəkisini artırmaqla yanaşı, enerji və nəqliyyat sahəsində də yeni sinerji yaradacaq.
Azərbaycan coğrafi baxımdan Şərqlə Qərbin, Mərkəzi Asiya ilə Avropanın qovşağında yerləşir. Türkmənistan isə regionda neytrallıq prinsipinə əsaslansa da, son illərdə bu neytrallığı əməkdaşlığa çevirməyə çalışır. Berdiməhəmmədovun Bakıya səfəri, Qarabağda apardığı simvolik mesajlı ziyarət və iqtisadi gündəmin aktivliyi göstərir ki, bu əlaqələr sadəcə ikitərəfli münasibətlərlə bitməyəcək.
Bu səfər Türk birliyinin möhkəmlənməsi, enerji və nəqliyyat xəritəsinin yenidən çəkilməsi və regionun gələcəyinə dair daha ciddi ittifaqların əsasını qoya bilər.
Hikmət Həsənov