Bu gün

Rasim Musabəyov: Azərbaycan və Türkmənistan inteqrasiyası dərinləşməlidir - AÇIQLAMA

Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri, şübhəsiz ki, Azərbaycan və Türkmənistan arasında münasibətlərin daha da inkişafına təkan verəcək.

Bu fikirləri təhlil.az saytına açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Deputat xatırladıb ki, Qurbanqulu Berdiməhəmmədov, sabiq prezident, Türkmənistanın milli lideridir və Xalq Məsləhətinin rəhbəridir: "Hazırda prezident onun oğlu Sərdardır. Lakin aydındır ki, strateji məsələlər Berdıməhəmmədovun razılığı və xəbəri olmadan qəbul edilmir". 

O bildirib ki, Berdiməhəmmədovun Azərbaycana səfəri burada hər hansısa sənədlərin imzalanması və ya kommunikenin qəbul olunması baxımından yox, daha çox onun geri qayıtdıqdan sonra Türkmənistanın siyasətində müəyyən dəyişikliklərə səbəb olacağı baxımından önəmlidir: 

"Bu dəyişikliklər bir neçə mühüm məsələ kontekstində Türkmənistanın Azərbaycanla yaxınlaşmasını nəzərdə tutmalıdır. Birinci növbədə, Türkmənistan, Azərbaycan və Türkiyə bir-birinə ən yaxın türk dövlətləridir. Biz bir kökdən, oğuz türklərindən gəlmişik. Ortaq mədəni abidəmiz “Dədə Qorqud” dastanı var. Düşünürəm ki, Azərbaycan və Türkmənistan arasında inteqrasiya dərəcəsi tədricən Azərbaycan və Türkiyə arasında olan səviyyəyə çatmalıdır. Halbuki bu gün görürük ki, Azərbaycanla Qazaxıstan və Özbəkistan arasındakı siyasi dialoq, təmaslar, müxtəlif layihələr, ticarət-iqtisadi əlaqələr baxımından intensivlik Türkmənistanla müqayisədə qat-qat yüksəkdir. Bu isə əslində normal hal deyil”. 

R. Musabəyov Azərbaycanla Türkmənistan arasında ticarət-iqtisadi əlaqələrin və mədəni münasibətlərin inkişafı və möhkəmləndirilməsi üçün bu istiqamətdə konkret addımların atılacağına ümid etdiyini də bildirib:

“Xəzərin mərkəzində birgə yatağımız var. Əvvəllər bu yataq bizdə “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlanırdı. Hazırda bu yatağın birgə işlənməsi barədə razılıq əldə olunub və indi bu yataq “Dostluq” adını daşıyır. Lakin, təəssüf ki, bu yatağın işlənməsi prosesi ləngiyir.

Halbuki, ən perspektivli yol bu yatağın artıq mövcud olan “Azəri-Çıraq-Günəşli” infrastrukturuna birləşdirilərək birgə işlənməsidir. Çünki “Dostluq” bu infrastrukturdan cəmi bir neçə on kilometrlik məsafədə yerləşir. Artıq mövcud infrastrukturu və imkanları istifadə etmək bu yatağın mənimsənilməsinə çəkiləcək xərcləri və vaxtı təxminən iki dəfə azalda bilər.

Burada müəyyən addımlar atılmalıdır və düşünürəm ki, Türkmənistanın şelfində fəaliyyət göstərən Malayziyanın “Petromax” şirkəti bu işə cəlb oluna bilər. Həmin şirkət eyni zamanda bizim Cənub Qaz Dəhlizində də pay sahibidir. Türkmənistan tərəfindən “Petromax” və Türkmənistanın Dövlət Neft Şirkəti, Azərbaycanın isə SOCAR və bp şirkətləri bu yatağın işlənməsini daha sürətlə irəlilədə bilər”. 

Politoloqun sözlərinə görə, geoloqlar hesab edir ki, burada ildə 5 milyon ton neft və 5-6 milyard kubmetr qaz hasil etmək və mövcud infrastruktur vasitəsilə Avropanın premium bazarlarına yönləndirmək mümkündür. Bu isə hər iki dövlət üçün qazanc deməkdir.

“İkinci olaraq, biz Cənubi Xəzərdə İranla maraqlarımızın delimitasiyası məsələsini konsolidə olunmuş şəkildə həll etməliyik. Təəssüf ki, bu günədək İran Xəzər Konvensiyasını ratifikasiya etməyən yeganə dövlətdir. Onun iddiaları təkcə Azərbaycanın şelfinə deyil, həm də Türkmənistanın ərazi sularına yönəlib”. 

Deputatın fikrincə,  bu məsələdə konsolidasiya hər iki tərəfin xeyrinə olacaq:

“Nəhayət, Orta Dəhliz məsələsi var. Bu dəhlizin dəniz hissəsini təmin edən əsas limanlar Türkmənistanın Türkmənbaşı və Azərbaycanın Ələt limanlarıdır. Burada konkret addımlar ataraq dəniz və bərə daşımalarının intensivliyini artırmaq, Orta Dəhlizin keçid qabiliyyətini yüksəltmək lazımdır.

Amma dəyişməyən və sabit qalan məsələlər də var ki, bura mədəni və elmi əlaqələr, təhsil sahəsində əməkdaşlıq və insan təmasları daxildir. Bunların hamısı dövlətlərimizin dəstəyinə ehtiyac duyur.

Və nəhayət, açığı desəm, mən Türkmənistanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda qalmasını və təşkilat çərçivəsində həyata keçirilən layihələrə yetərincə inteqrasiya olunmamasını qəbul edə bilmirəm. Əminəm ki, Türkmənistanın TDT-də tamhüquqlu üzv kimi yeri artıq ‘rezerv olunub’. İstərdim ki, yaxın gələcəkdə Türkmənistan bu təşkilatın işində tam şəkildə iştirak etsin. Bu kontekstdə cənab Berdıməhəmmədovun Prezident İlham Əliyevlə birlikdə Qarabağa və bizdə həyata keçirilən böyük layihə olan “Sea Breeze” ərazisinə baş çəkməsi çox önəmlidir. Hesab edirəm ki, o bu layihə ilə tanış olub. Çünki Türkmənistanda, Türkmənbaşı şəhəri yaxınlığında oxşar bir layihə reallaşdırılır. Bütün bunlar Türkmənistan və Azərbaycan arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması baxımından çox mühüm məsələlərdir”.

Rasim Babayev  

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?