Dünən

Türkiyə ilə barış İrəvan üçün iqtisadi və siyasi alternativə çevrilir - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın 2025-ci il iyulun 16-da keçirdiyi mətbuat konfransında Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair səsləndirdiyi fikirlər bu ölkənin üzləşdiyi real durumun etirafı kimi qiymətləndirilə bilər. Onun “Ermənistanın Türkiyə ilə barışıqdan savayı alternativi yoxdur” fikri regional və beynəlxalq şərtlərin İrəvan üçün yaratdığı çıxılmaz vəziyyətin təsdiqidir.

Belə görünür ki, baş nazir bu etirafları ilə ölkəsinin düşdüyü acınacaqlı vəziyyətin real mənzərəsini canlandırmağa və Türkiyə ilə Azərbaycanla münasibətlərin normallaşdırılmasının vacibliyi fikrini daxili auditoriyaya aşılamağa çalışır. Bu həm də Ermənistanın illərdir apardığı destruktiv regional siyasətin iflasa uğramasının göstəricisidir. Paşinyan daxildəki radikal-revanşist qüvvələrin etirazları fonunda normallaşma prosesinin “alternativi”nin müharibə olduğunu açıq şəkildə dilə gətirməkdən də çəkinmir.

O, gec də olsa anlayır ki, yeni regional şəraitdə Ermənistanın təcrid siyasətindən imtinası qaçılmazdır. Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistana təkcə iqtisadi müstəqillik deyil, həm də təminatlı təhlükəsizlik perspektivləri vəd edir.

Ümumiyyətlə, rəsmi İrəvan son illərdə erməni cəmiyyətini yeni reallıqlarla barışdırmağa çalışır və Azərbaycan-Türkiyə müttəfiqliyinin Ermənistana hansı şərtləri diktə etdiyini izah etməyə səy göstərir. Bu baxımdan, Paşinyanın Dubay görüşündən sonra bu tipli açıqlamalarla çıxış etməsi təsadüfi deyil. Baş nazir həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə Ermənistanın yeni geosiyasi reallığa qarşı çıxacaq mövqedə olmadığını göstərmək istəyir.

Lakin bu ölkənin regional təcriddən çıxması üçün yalnız siyasi qərarlar yetərli deyil – cəmiyyətin düşüncə tərzində də köklü dəyişiklik baş verməlidir. Başqa sözlə, Ermənistanda formalaşmış düşmənçilik stereotipləri aradan qalxmadan normallaşma cəhdləri real nəticə verə bilməz.

Hazırda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının əsas şərti Azərbaycanla yekun sülh müqaviləsinin imzalanmasıdır. Rəsmi Ankara dəfələrlə bildirib ki, Ermənistanla münasibətlərin irəliləməsi regionda dayanıqlı sülhə bağlıdır. Bu proses Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bu, təkcə Ankaranın prinsipial mövqeyi deyil, həm də regionda formalaşmış güc balansının diktə etdiyi reallıqdır.

Maraqlı məqam ondan ibarətdir ki, Paşinyan iyun ayında Türkiyəyə etdiyi səfər və orada Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlər barədə nikbin fikirlər səsləndirib. Uzun illər rəsmi İrəvan Türkiyənin regional güc və təsirini kiçiltməyə çalışsa da, 2020-ci ildəki sarsıdıcı hərbi-siyasi məğlubiyyətdən sonra bu reallığı qəbul etməyə məcbur olub. Paşinyan son səfəri fonunda bir daha anlayıb ki, regional sülh, kommunikasiyaların açılması və xüsusilə Zəngəzur dəhlizi ilə bağlı öhdəliklərin icrası Ankara üçün "qırmızı xətt"dir.

Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində edilən cəhdlər həm də Ermənistanın geosiyasi seçimlərinin məhdudlaşdığını göstərir. Rusiya ilə münasibətlərin soyuması, Qərbin "təhlükəsizlik təminatçısı" rolunu üzərinə götürmək istəməməsi, İranın isə İsraillə müharibə fonunda başqa prioritetlərə yönəlməsi İrəvanı regional əməkdaşlığın əhəmiyyətini daha yaxşı dərk etməyə vadar edir.

Paşinyanın çıxışında Ani körpüsünün bərpası kimi konkret əməkdaşlıq layihələrinə toxunması göstərir ki, İrəvan Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsinə ciddi maraq göstərir. İkinci Qarabağ müharibəsinədək Rusiya Ermənistanın iqtisadi və təhlükəsizlik sahələrində əsas aktoru idi. Amma regionda dəyişən balans, Rusiyanın təcridi və Ukrayna müharibəsinin təsirləri Ermənistanın mövqelərini zəiflədib. İndi İrəvan anlayır ki, birtərəfli asılılıq onun həm siyasi, həm də iqtisadi manevr imkanlarını məhdudlaşdırır.

Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni iqtisadi şaxələndirmə imkanları yaradacaq, ölkənin Qərbə və Aralıq dənizi limanlarına çıxışını təmin edə bilər. Azərbaycanın nəqliyyat və enerji dəhlizlərinə qoşulmaq isə Ermənistanın həm Orta Dəhlizə, həm də Avropa-Asiya marşrutlarına inteqrasiyasına yol aça bilər. Bu isə Rusiyadan iqtisadi asılılığın mərhələli şəkildə azaldılması anlamına gəlir.

Bununla yanaşı, regional əməkdaşlıq Ermənistan üçün təkcə iqtisadi deyil, həm də təhlükəsizlik baxımından yeni imkanlar açacaq. Ankara və Bakı ilə münasibətlərin normallaşması Ermənistanın regional təhlükəsizlik sisteminə inteqrasiyasını təmin edə və ölkəyə daha balanslı xarici siyasət yürütmək imkanı verə bilər.

Nəhayət, Paşinyanın mətbuat konfransında Türkiyə ilə münasibətlərə dair səsləndirdiyi fikirlər həm də Ermənistanda planlaşdırılan Konstitusiya islahatlarına ictimai-siyasi zəmin hazırlamaq məqsədi daşıyır. Hazırda Ermənistan Konstitusiyasının preambulasında və rəsmi gerbində Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları yer alıb. Bu isə normallaşma prosesində ciddi hüquqi və siyasi maneə olaraq qalır.

Ankara dəfələrlə bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması Bakı ilə razılaşdırılmış şəkildə aparılır. Bu isə İrəvana regional əməkdaşlıq fürsətindən istifadə etmək üçün ilk növbədə süni maneələrdən imtina etməyi və səmimi addımlar atmağı diktə edir.

MTM Analitik Qrupu 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?