“Koçaryan və Sarkisyan Bakıda mühakimə oluna bilər” – İşxan Verdiyan - AÇIQLAMA

"Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın hazırki baş nazir Nikol Paşinyanı devirmək və hakimiyyətə qayıtmaq cəhdləri hələ bitməyib, əksinə, onlar yeni planlar qururlar.
Bu fikirləri təhlil.az saytına açıqlamasında tanınmış erməni fəal və bloqer İşxan Verdiyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın xüsusi xidmət orqanlarının son araşdırmaları göstərir ki, hazırkı hökumətə qarşı sistemli terror aktı hazırlanırmış: "Şübhəsiz ki, Koçaryan və Sarkisyan yenidən revanş götürməyə, Paşinyanı devirməyə, hətta onu fiziki cəhətdən aradan götürməyə çalışacaqlar. Bu şəxslər başladığı yoldan çəkilmək niyyətində deyillər"
Fəal hesab edir ki, əgər Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalasa, bu, Qarabağ klanı üçün ölüm hökmünə bərabər olacaq:
"Ona görə də onlar sonadək müqavimət göstərəcəklər. Qarabağ klanının tanınmış simalarının nəhayət Bakının həbsxanasında olacağını proqnozlaşdırmaq mümkündür. Burada heç bir şübhə yoxdur”.
İşxan Verdiyanın fikrincə, Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan və bir neçə digər şəxs barədə Bakıya ekstradisiya ehtimalı yüksəkdir:
“Bunun baş verəcəyi real görünür və bu, Ermənistanın gələcəyi ilə bağlı proseslərin hansı istiqamətdə inkişaf etdiyini göstərir”, – deyə o, qeyd edib.
Bloqer əminliklə bildirib ki, yuxarıda adı çəkilən Ermənistanın sabiq prezidentləri Azərbaycanın qanunvericiliyinə əsasən mühakimə olunacaqlar.
Rasim Babayev