Paşinyan Ermənistanda Rusiyanın yerini ABŞ ilə doldurur - TƏHLİL

Ermənistanda seçkilər yaxınlaşdıqca hakimiyyətlə müxalifət arasında qarşıdurma daha da kəskinləşir. Artıq baş nazirin göstərişi ilə sistemli, məqsədyönlü addımlar atılır. İstintaq orqanları və məhkəmələr opponentləri qorxutmaq, təqib etmək və təcrid etmək üçün siyasi alətə çevrilib. Siyasi təqiblər fonunda Paşinyanın növbəti göstərişi ölkə iqtisadiyyatına zərbə vurub. Məlum olub ki, “Tashir pizza” şəbəkəsi bağlanıb. Bu isə minlərlə insanın işsiz qalması, dövlət büdcəsinə daxil olan vergilərin azalması deməkdir.
Maraqlıdır ki, hakim partiya bildirir ki, “Tashir pizza”nın əvəzinə ABŞ şirkəti yeni “fast food” restoranlar şəbəkəsi açacaq. Amma məlum olur ki, bu, tanınmış yox, hansısa keyfiyyətsiz bir şəbəkədir və açılış 2030-cu ilə, yəni 5 ildən sonraya planlaşdırılıb. Bu zəncirin açılması 600 yeni iş yerinin yaranması deməkdir. Hakimiyyət nümayəndələri bundan PR kimi istifadə etmək istəsələr də, reallıq başqadır. Birincisi, ortada 5 illik bir boşluq var. İkincisi, bağlanan şəbəkədə minlərlə işçi çalışırdı və onlar işsiz qalıblar. Üçüncüsü, bu şəbəkəyə mal tədarük edən, müqavilə bağlayan bir sıra xırda şirkətlər də böhranla üzləşib. Dördüncüsü, dövlət borcu günü-gündən artan Ermənistanın büdcəsinə daxil olan vergilərdə azalma olacaq.
Ən əsası, Paşinyanın bu qərarı birbaşa Moskvaya qarşı addım kimi dəyərləndirilməlidir. Sirr deyil ki, şirkətin rəhbəri hazırda həbsdə olan rusiyalı erməniəsilli iş adamı Samvel Karapetyandır. Karapetyan isə uzun müddət Ermənistanda Rusiyanın təsir rıçaqı rolunu oynayıb. Eyni zamanda iş adamına qarşı yeni cinayət işi hazırlanır və çirkli pulların yuyulmasında ittiham edilir. Dolayısı ilə, “Vətəndaş müqaviləsi”nin elitası onu Rusiyanın çirkli pullarını yumaqda ittiham edir. Tezliklə bu maddə də cinayət işinə əlavə ediləcək və Karapetyanın azadlığa çıxması böyük bir müəmma olacaq. Eyni zamanda, qeyd etmək yerinə düşər ki, “Tashir pizza”nın əvəzinə ABŞ şirkətinin açılması da Paşinyanın Kremlə mesajı sayıla bilər. Bu o deməkdir ki, Rusiyanın Ermənistanda sıxışdırıldığı sahələri ABŞ biznesi tutacaq. Yəni, baş nazir Nikol Paşinyan konkret olaraq Qərbə doğru yelkən açıb.
Hikmət Həsənov