Bu gün

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

Prezident İlham Əliyev “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Təhlil.az xəbər verir ki, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu və qulluq keçməsi bu Qanunla və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qulluğa qəbulun şərtləri nəzərə alınmaqla müsabiqənin keçirilməsi yolu ilə aparılır. Müsabiqə test imtahanından və söhbətdən ibarətdir. Müsabiqədən uğurla keçmiş namizədlər icra məmuru qismində fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində azı 3 aylıq icbari təlimə cəlb edilirlər. İcbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər qulluğa qəbul edilirlər. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanında icra məmurlarına qanunla müəyyən edilmiş qaydada xüsusi rütbə verilir.

İcra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə edilir.

Cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25-1.2-ci maddəsində göstərilən məqsədlər üçün ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür.

“İcra haqqında” Qanununda edilən dəyişikliyə əsasən, xidməti vəzifəsinin icrası ilə əlaqədar icra məmuru “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına mükafatlandırıla bilər.

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda ediıən dəyişikliyə əsasən, ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır.

Aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür:

icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;

cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məbləği;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.

Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsait aşağıdakı məqsədlərə sərf edilir:

ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;

dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;

ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə;

ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllər qulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin, habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə;

icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərin ödənilməsinə;

ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativ həllərin öyrənilməsinə və tətbiqinə.

Bu Qanunun 25-1.1-ci maddəsində nəzərdə tutulan vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?