Paşinyan: “Ermənistanı Serj Sarkisyandan azad etdiyimiz kimi, kilsəni də azad edəcəyik”

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında ölkədə islahatların yalnız siyasi deyil, ictimai və institusional səviyyədə də davam etdiriləcəyini bildirib.
Təhlil.az xəbər verir ki, baş nazirin sözlərinə görə, Ermənistanın keçmişdəki korrupsiyalaşmış rejimlərdən təmizlənməsi təkcə Serj Sarkisyan hakimiyyətinin deyil, həm də həmin sistemlə sıx bağlı olan təsisatların – o cümlədən kilsənin – təsirlərindən azad olunmasını zəruri edir:
“Biz Ermənistanı Serj Sarkisyandan azad etdik. İndi eyni prinsipiallıqla kilsəni də siyasi alət olmaqdan azad etməliyik. Dinə hörmət ayrı, onu siyasi manipulyasiya vasitəsinə çevirmək ayrı məsələdir.”
Paşinyan vurğulayıb ki, kilsə dövlətin deyil, cəmiyyətin mənəviyyat dayağı olmalı, siyasi proseslərdə isə neytrallığını qorumalıdır:
“Dövlət kilsəyə qarşı deyil, sadəcə olaraq, kilsənin öz mahiyyətinə qayıtmasına, müstəqil və cəmiyyətə xidmət edən bir qurum kimi qalmasına ehtiyac var. Bizim məqsədimiz dini inancı deyil, onu istismar edən siyasi irsi aradan qaldırmaqdır.”