Paşinyan separatçını satıb, sülhü seçdi - TƏHLİL

Ermənistanın Baş naziri Nikol Paşinyan tarixin arxivinə gömülmüş Qarabağ separatçı rejiminin rəhbərlərindən olmuş, hazırda Bakıda açıq məhkəməsi keçirilən Ruben Vardanyanın ailəsinin ABŞ Prezidenti Donald Trampa rəsmi müraciət edilməsi ilə əlaqədar xahişini rədd edib. Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, Vardanyan ailəsinin bu yolla ABŞ Administrasiyasından dəstək almaq gözləntiləri puça çıxıb.
Qəzetin iddiasına əsasən, ABŞ-dəkı erməni diasporu adı milyarderlər siyahısında olmuş R.Vardanyanı müdafiə məqsədilə Donald Tramp Administrasiyası ilə əlaqə yaradıblar. Qarşı tərəf isə cavabında yalnız Ermənistanın rəsmi müraciəti əsasında “məsələni diqqətdə saxlanıla biləcəyini” diqqətə çatdırıb. İddia edilir ki, Ermənistan Baş naziri Nikol Paşinyan belə bir müraciət etməkdən imtina edərək, bu addımın İrəvanla Bakı arasında aparılan sülh danışıqlarına ciddi zərər vura biləcəyini əsas gətirib.
Hazırda Bakıda açıq məhkəməsi keçirilən Ruben Vardanyan sülh və insanlıq əleyhinə müharibə cinayətlərində ittiham olunur. Onun Qarabağda separatçıların maliyyələşdirilməsi, silahlı qruplaşmaların dəstəklənməsi, terrorçuluğun təşviqi kimi qanunsuz fəaliyyətləri istintaqla tam müəyyən edilib. Bütün bunlar isə Azərbaycanın suveren hüquqları çərçivəsində müvafiq hüquqi məsuliyyət tədbirləri görməsini mümkün edir.
Ümumiyyətlə, müşahidələr göstərir ki, rəsmi İrəvan son aylarda separatçıların Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı aparılan qərəzli kampaniyadan kənarda qalmağa çalışır. N.Paşinyanın Vardanyanla əlaqədar ABŞ hökumətinə müraciətdən imtinası da Ermənistan hakimiyyətinin separatçılara dəstək vermək niyyətindən uzaq olduğunu göstərir. Başqa sözlə, Qarabağ separatçılarının səsləndirdiyi iddialar nəinki beynəlxalq ictimaiyyətdə, hətta Ermənistanın özündə belə ciddi qəbul edilmir. Ermənistan rəhbərliyi gec də olsa başa düşüb ki, separatçılığı müdafiə etmək, bu istiqamətdə beynəlxalq kampaniya aparmaq cəhdləri İrəvanın maraqlarına qətiyyən cavab vermir.
Ermənistan daxilindəki radikal-revanşist qüvvələr R.Vardanyan və digər separatçıların müdafiəsi məqsədilə məkrli və əsassız beynəlxalq kampaniya aparsalar da, onların bu təşəbbüsləri iflasa uğrayıb. Beynəlxalq hüquq və dövlətlərin suverenliyi prinsipləri fonunda dünya ictimaiyyəti bu cür separatçı, hərbi cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını legitim hesab edir. Azərbaycanın separatçılarla əlaqədar həyata keçirdiyi hüquqi prosedurlar isə beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsaslanır.
Rəsmi İrəvan hazırda yekun sülh danışıqlarına, qarşılıqlı etimad mühitinə xələl gətirəcək davranışlardan çəkinməyə çalışır. N.Paşinyan və komandası başa düşür ki, bu kimi məsələlərdə Azərbaycanın mövqeyi sərt və dəyişməzdir. Rəsmi Bakı suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxan, həmçinin regionda ağır müharibə cinayətlərində iştirak edən erməni əsilli şəxslərin qanun qarşısında mühakiməsi və cəzalandırılmasına prinsipial məsələ kimi yanaşır.
İstər ABŞ, istərsə də digər Qərb ölkələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır və separatçılara münasibətdə beynəlxalq hüquq normalarını əsas götürür. Məhz bu baxımdan rəsmi İrəvan R.Vardanyan və digər separatçılar üçün beynəlxalq səviyyədə “hüquqi müdafiə mexanizmləri yaratmaq” cəhdlərinin qeyri-real və perspektivsiz olduğunun fərqindədir. Ermənistan rəsmiləri bunu da dəfələrlə bəyan ediblər ki, vaxtı ilə Qarabağdakı rejimin rəhbərliyində yer almış şəxslərin son iki ildə İrəvanda fəallıq görüntüsü yaratmaq, müəyyən qanunsuz fəaliyyətlər aparmaq cəhdləri ölkənin təhlükəsizlik maraqlarına qətiyyən cavab vermir.
Ermənistan daxilindəki radikal-revanşist dairələr bu əsassız kampaniyanı heç də separatçıları dəstəkləmək üçün deyil, sadəcə, Nikol Paşinyan hakimiyyətinə qarşı əks-təbliğat rıçaqları əldə etmək məqsədilə aparırlar. Onlar hazırkı hakimiyyəti cəsarətsizlikdə, milli maraqları qorumamaqda, erməni əsilli şəxsləri müdafiə etməməkdə günahlandırır, cılız siyasi maraqlarını reallaşdırmağa çalışırlar. Lakin Ermənistan cəmiyyətinin böyük qismi, siyasi elitanın rasional kəsimi başa düşür ki, bu cür kampaniya regionda yeni qarşıdurma və gərginliyə səbəb ola bilər. Qarabağ separatçılarının iddialarının hansısa formada dəstəklənməsi Ermənistan hakimiyyəti üçün yalnız problemlər yarada bilər.
Bundan əlavə, Bakıda keçirilən məhkəmə prosesində ortaya çıxan faktlar, verilən ifadələr Ermənistan rəhbərliyinin müharibə cinayətlərini də ifşa edir. Separatçıların məhkəmədəki etirafları Ermənistanın Qarabağda yaratdığı silahlı birləşmələrin birbaşa İrəvan tərəfindən təchiz edildiyini, hərbi əməliyyatların koordinasiyasının Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirildiyini üzə çıxarıb. Məhkəmə materialları Ermənistanın illərlə beynəlxalq ictimaiyyət qarşısında ört-basdır etməyə çalışdığı işğalçılıq siyasətini tam çılpaqlığı ilə ifşa edir.
Ermənistanın hazırda yeganə çıxış yolu sülh danışıqlarını davam etdirmək və Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdir. Sülh danışıqlarının gözlənilən pozitiv nəticələrinə rəğmən, rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır: Azərbaycanın ərazisində müharibə cinayətləri törətmiş hər kəs etnik mənsubiyyətindən asılı olmayaraq, ədalət mühakiməsi qarşısında cavab verəcək.
MTM Analitik Qrupu