Bu prospektdə yol hərəkətinin təşkili dəyişdi - FOTOLAR

Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Təhlil.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
Azərbaycan Prezidentinin 30 yanvar 2025-ci il 456 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri davam etdirilir.
Adıçəkilən qurumların əməkdaşları qeyd olunan yolda monitorinqlər keçiriblər. Monitorinqlərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə qısamüddətli həll olaraq işıqforların quraşdırılması və yol hərəkətinin yenidən təşkili barədə qərar qəbul edilib.
Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib. Qısa vaxtda təqdim edilmiş həll test rejimində işə salınıb. Ərazidə nəqliyyat axınlarının monitorinqi həyata keçiriləcək.