Bu gün

Aİ kritik vəziyyətdə Ermənistanı dəstəkləməyəcək - ŞƏRH

Sorosun dəstəyi ilə 2018-ci ildə hakimiyyətə gələn baş nazir Nikol Paşinyan ilk günlərdən Qərbə, xüsusən də Avropaya doğru yelkən açıb. Bu çərçivədə Rusiya ilə münasibətləri gərginləşdirən, Moskvanın rəhbərlik etdiyi tədbirlərdə iştirakdan boyun qaçıran, KTMT kimi qurumda üzvlüyünü sual altına salan rəsmi İrəvanın əsas ümidi ölkəsini Avropa İttifaqına yaxınlaşdırmaqdır. Bununla da Rusiya boyunduruğunu Aİ boyunduruğu ilə əvəz etmək sorosçunun əsas məqsədidir. Bununla belə, tərəflər arasında danışıqları və imzalanan müqavilələri, səsləndirilən bəyanatları və atılan addımları izləyəndə məlum olur ki, Ermənistan Avropa üçün ciddi maraq doğuran bir ölkə deyil, sadəcə Rusiyanı regiondan uzaqlaşdırmaq üçün bir vasitədir.

Bir müddət əvvəl baş nazir Nikol Paşinyan ölkəsinin Aİ-yə üzvlüyə namizəd olacağını bildirsə də, araşdırmalar sübut edir ki, İttifaqın belə bir planı ümumiyyətlə yoxdur. Məsələn, Aİ-nin genişlənmə siyasəti ilə bağlı bir neçə illik planlarında ümumiyyətlə bu barədə bir cümləyə belə rast gəlmək olmur. Eyni məsələni vizaların liberallaşdırılması məsələsində də əminliklə söyləmək olar. Artıq İrəvanda bu gün-sabah Avropaya vizasız səyahətlə bağlı toy-bayram edilsə də, Aİ rəsmiləri ən tezi 4-5 il ərzində bunun reallaşa biləcəyini vurğulayıblar.

Baş nazir Nikol Paşinyanın Brüsselə son səfərinə də bu prizmadan yanaşmaq lazımdır. Dövlət başçısı daxili gərgin siyasət fonunda Qərbin dəstəyini almaq üçün bu səfəri reallaşdırıb. Eyni zamanda seçki ərəfəsində bu səfərə PR aksiya kimi də yanaşmaq mümündür. O, uğur, Avropaya sadiqlik nümayiş etdirir, eyni zamanda bunun qarşılıqlı olduğunu, Aİ-nin Ermənistanda çox maraqlı olduğunu sübuta yetirməyə çalışır. Amma nəzərə almaq lazımdır ki, hər səfərdən sonra bir neçə milyon avroluq “tulapayı” heç bir problemi həll etmir, iqtisadiyyata müsbət təsir göstərmir, əksinə, Rusiya ilə münasibətləri daha da gərginləşdirir. Sonradan isə məlum olur ki, bu pullar Ermənistanda Rusiyaya qarşı fəaliyyətə xərcləmək üçün verilib.

Elə baş nazirin Avropa ilə təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq bəyanatı da əslində boş və ucuz söhbətdir. Bu gün Avropanın təhlükəsizliyi uydurma mifdir ki, burada elitaların militarizasiyası, təfəkkürün hərbiləşdirilməsi mövcuddur və bütün bunlar Rusiyaya qarşı düşmənçilik üzərində qurulub. Paşinyan öz fəaliyyətini və dövlətin siyasətini Avropa Birliyinə inteqrasiyaya yönəltməklə Rusiya ilə bağlı və ona qarşı yönəlmiş hərbiləşdirilmiş proseslərə qoşulmalı olacaq. Təsadüfi deyil ki, dünən Fransa hökumətinin hesabatında yaxın beş il ərzində Avropada Rusiya ilə müharibə başlayacağı, bir sıra ölkələrin bura cəlb ediləcəyi bildirilib.

“Global Gateway” böyük bir fırıldaqdır. Orada yeni layihələr yoxdur, bu, mövcud investisiyaların təkrar rebrendinqidir, dırnağarası biznesdir. Aİ-nin parlamentariləri bunu bir neçə dəfə bəyan ediblər. Yeni siyasət, yeni pul yoxdur. Ən əsası isə mediaya vəsaitin ayrılmasıdır. Yəni bu, Avropa xəttini irəli aparmaq məcburiyyətində qalacaq bir təbliğat aparatı olacaq. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Ermənistan mediası Rusiya ilə düşmənçilik etmək üçün yenidən formatlaşdırılmalı olacaq.

Bu günə qədər Avropanın mediaya ayırdığı pulların milli düşüncənin suverenliyinin möhkəmlənməsinə getdiyi müşahidə edilməyib. Bu baxımdan Avropa İttifaqından pul götürmək müstəqil deyil, Avropanın nəzarətində olan medianın yaradılmasına imza atmaq deməkdir. Paşinyan bu addımı atmaqla mütləq öz ideologiyasının, fəlsəfəsinin və şəxsən öz şəxsiyyətinin təbliğindən istifadə edəcək.

Bu səbəbdən də əminliklə söyləmək olar ki, Ermənistan Aİ üçün partnyor, əməkdaş yox, sadəcə Rusiyaya qarşı bir platformadır.

Hikmət Həsənov 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?