ABŞ Senatı Rusiyaya qarşı Çin və Hindistana təsir edəcək yeni sərt sanksiyalar hazırlayır

Senator Lindsi Qraham çərşənbə axşamı bildirib ki, ABŞ Senatı "tezliklə" Rusiyaya, eləcə də Rusiyanın ən böyük neft və qaz alıcıları olan Çin və Hindistana qarşı yeni sərt sanksiyalar paketini nəzərdən keçirəcək.
"Prezident Donald Tramp Putinin oynadığı oyunlarla bağlı tamamilə haqlıdır. Senat tezliklə sərt sanksiyalar qanunu qəbul edəcək – təkcə Rusiyaya qarşı deyil, Çin və Hindistan kimi Rusiyadan enerji alan və Putinin döyüş maşınını maliyyələşdirən ölkələrə qarşı", - Qraham "X" sosial media hesabında yazıb.
Təhlil.az xəbər verir ki, senatorun sözlərinə görə, qanun layihəsi maksimum manevr imkanını qorumaq üçün ABŞ prezidentinin sanksiyaları dayandırmaq hüququnu təmin edəcək: “Putin və onun müharibəsini dəstəkləyən bütün insanlar üçün oyun qaydalarını dəyişməyin vaxtıdır”.
80-dən çox senatorun dəstəklədiyi yeni qanun layihəsi Rusiyadan neft, qaz və uran alan istənilən ölkədən idxala 500 faizlik rüsum tətbiqini nəzərdə tutur.
Tramp Qrahamın təşəbbüsünü nəzərdən keçirdiyini təsdiqləyərək, “Bu müharibə heç vaxt başlamamalı idi” və “Onu artıq bitirmək lazımdır” deyib: “Biz Putindən çoxlu boş vədlər alırıq, lakin bunların hamısının mənasız olduğu ortaya çıxır”.
Senatda qeyd edildiyi kimi, qanun layihəsi üzrə səsvermə prezident tərəfindən təsdiq edildikdən dərhal sonra keçirilə bilər.