17 aprel

Kartlardan oğurluq halları artır - Təkcə vətəndaş məsuliyyət daşımalıdır?

Getdikcə çoxalan və kəskinləşən kiberhücumlar fonunda müxtəlif qurumlar tərəfindən fərqli xəbərdarlıqlar edilsə də, problem hələ də həllini tapmır. Əksinə hər gün mediada bank kartından pul oğurlanması və dərdinə çarə tapılmayan zərərçəkənlərin müsahibəsini daha tez-tez görür, yaxınlarımız və tanışlarımızın da belə hallara məruz qaldığının şahidinə çevrilirik. Bundan başqa dələduzlar artıq onlayn kredit sifarişi xidmətlərinin boşluqlarından da istifadə edirlər. Bu da o deməkdir ki, şəklimiz kimdəsə varsa, o adam da bir balaca “istedadlı”dırsa, adımıza rahat şəkildə kredit rəsmiləşdirə bilər. Bir sözlə, hesabdan pul çəkiləndə də məsuliyyəti vətəndaş daşıyır, adına kredit götürüləndə də...

Əgər kiberhücumlar təkmilləşirsə, o zaman mübarizə üsulları da güclənməli deyilmi? Belə olan halda, niyə banklar dəyən zərəri qarşılamır? Nə üçün bütün məsuliyyət məhz vətəndaşların üzərinə düşür? Bütün bu suallara cavab tapmaq üçün təhlil.az saytı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib:

O bildirib ki, kiberhücumlar sadəcə Azərbaycana xas olan problem deyil.

Ekspertin sözlərinə görə, ABŞ-da, Türkiyədə və bir çox ölkələrdə hətta müştərilərin bank məlumatları satışa çıxarılır: “Ümumiyətlə cinayətkarlıq nəzəriyyəsinin üzə çıxardığı bir məqam var ki, cinayətkarlar bir sıra məsələlərdə adətən daha öndə olurlar, nəinki onlara qarşı mübarizə aparanlar”.

Rəşad Həsənovun fikrincə, hökumət ciddi təhlükəsizlik çətiri formalaşdırmalıdır: “Bunun üçün özünün mümkün resurslarını səfərbər etməlidir. İndi müxtəlif qurumlar müxtəlif təşəbbüslərlə çıxış edirlər. Bu onu göstərir ki, vahid strategiya yoxdur, vahid yanaşma yoxdur. Vahid strategiyanın formalaşdırılması hökumətin qarşısında duran prioritet məsələ olmalıdır”.

İqtisadçı-ekspert qeyd edib ki, banklar vətəndaşları kart alışına təşviq etdiyi kimi, məsuliyyət də daşımalıdır: “Vətəndaşın pulu birmənalı şəkildə sığortalanmalıdır, oğurlandığı halda geri qaytarılmalıdır. Bununla yanaşı, müştərilərin də üzərinə məsuliyyət düşür. Etibarlı olmayan saytlarda kart məlumatlarını təqdim etməməlidirlər”.

Bu kimi hallara dair mübarizə tədbirləri barədə saytımıza danışan Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və tədqiqat sektorunun əməkdaşı Fariz Ələsgərov isə vurğulayıb ki, belə hallarla mübarizə məqsədilə vətəndaşlar istifadə etdikləri brauzerlərin təhlükəsizlik funksiyalarını aktivləşdirə bilərlər.

“Həmçinin, brauzerlərdə kart məlumatlarının avtomatik doldurulması xidmətini təqdim edən “AutoFill” funksiyasını deaktiv edə bilərlər. Çünki “fishing” hücumu zamanı bütün məlumatlarımızın brauzerdə olması kibercinayətkarın işini daha da asanlaşdırır”, - deyə o, əlavə edib.