Bu gün

Azərbaycanın ticarət gücü regionu qabaqladı - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% və ya 0,88 milyard dollar artaraq 35,38 milyard dollara çatıb.

Xatırladaq ki, son 5 ildə ən yüksək xarici ticarət dövriyyəsi 2022-ci ildə 39,81 milyard dollar həcmində, ən az xarici ticarət dövriyyəsi isə 2021-ci ilin yanvar-sentyabr aylarında 22,97 milyard dollar həcmində qeydə alınıb.

Xarici ticarət dövriyyəsinin əsasını təşkil edən ixrac və idxal göstəricilərinə ayrı-ayrılıqda baxsaq, son illərdə ixrac həcminin daim azaldığını, idxal həcminin isə hər il artdığını görərik.

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ixrac həcmi 18,61 milyard dollar təşkil edib ki, bu da ötən il eyni dövrünə nisbətən 6,3% və ya 1,25 milyard dollar azdır.

Məlumat üçün bildirək ki, son illər ixrac həcmində davam edən azalmanın əsas səbəbi xam neft ixracında əldə olunan gəlirin azalmasıdır.

İdxal həcminə gəlincə, 2025-ci ilin ilk 9 ayında bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% və ya 2,13 milyard dollar artaraq 16,77 milyard dollara çatıb.

Ötən il bu rəqəm 14,64 milyard dollara, 2021-ci ilin eyni dövründə isə cəmi 8,34 milyard dollara bərabər olub.

Cari ilin yanvar-sentyabr aylarında ölkəmizdən ixrac olunan məhsulların 85,8%-ni və ya 15,96 milyard dollarını neft-qaz məhsulları təşkil edib.

Daha dəqiq desək, ilk 9 ayda xam neft ixracının həcmi 8,94 milyard dollar, təbii qaz ixracının həcmi 6,7 milyard dollar təşkil edib.

Qeyri-neft-qaz məhsulları üzrə ixrac həcmi isə 2,65 milyard dollar təşkil edib. Bu isə ümumi ixrac həcminin 14,2%-nə bərabər olub.

Qeyri-neft-qaz məhsulları üzrə əsas ixrac olunan məhsul 602,5 milyon dollar ilə meyvə-tərəvəz olub.

İdxal olunan əsas məhsullar arasında ilk sırada 2,64 milyard dollar ilə mexaniki və elektrik avadanlıqları və onların hissələri yer alıb. Bu kateqoriyaya aid məhsullar ümumi idxalın 15,7%-nə bərabər olub.

Nəqliyyat vasitələrinin və onların hissələrinin idxal həcmi 2,17 milyard dollara bərabər olub ki, bu da ümumi idxalın 12,9% hissəsini təşkil edib.

Hesabat dövründə qida məhsullarının idxal həcmi 1,88 milyard dollar təşkil edib və bu göstərici ümumi idxalın 11,2%-nə bərabər olub.

İdxalın qalan 60,1%-i digər məhsullardan formalaşıb. Onların da ümumi həcmi 10,08 milyard dollar təşkil edib.

Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi internet ünvanlarından əldə olunan məlumatlar əsasında aparılan təhlilə əsasən, cari ilin ilk 8 ayında Azərbaycan xarici ticarət göstəricilərinə görə qonşularını qabaqlayıb.

Daha dəqiq desək, cari ilin yanvar-avqust aylarında Azərbaycanda xarici ticarət dövriyyəsi həcmi 32,12 milyard dollar olduğu halda, bu rəqəm Gürcüstanda 16,40 milyard dollar, Ermənistanda isə 12,94 milyard dollar təşkil edib.

Ölkəmiz ixrac həcminə görə də 17,07 milyard dollar ilə Cənubi Qafqazın lider dövləti olub.

Bu dövrdə Gürcüstanda ixrac həcmi 4,45 milyard dollar, Ermənistanda isə 5 milyard dollar təşkil edib.

İlk 8 ayda qeydə alınan idxal həcmi Azərbaycanda 15,05 milyard dollar, Gürcüstanda 11,95 milyard dollar, Ermənistanda isə 7,94 milyard dollar olaraq qeydə alınıb.

Cənubi Qafqaz ölkələri arasında ixrac ilə idxalın fərqindən yaranan saldo yalnız Azərbaycanda müsbət olub. 2025-ci ilin ilk 8 ayında ölkəmizdə 2,02 milyard dollar həcmində müsbət saldo qeydə alınıb.

Eyni dövrdə xarici ticarət göstəriciləri nəticəsində Gürcüstanda -7,5 milyard dollar, Ermənistanda isə -2,94 milyard dollar həcmində mənfi saldo yaranıb.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?