Bu gün

81 milyonluq maliyyə fırıldağı: böyük mütəşəkkil dəstə ifşa edildi

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdıran və əlavə dəyər vergisini talayan mütəşəkkil dəstə ifşa edilib.

Təhlil.az xəbər verir ki, Baş Prokurorluğun məlumatına əsasən, istintaq zamanı müəyyən olunub ki, dəstə həssas əhali qrupuna aid, eləcə də məhdud hüquqi bilikləri olan 300-dən çox şəxsi aldadaraq onların adlarına 777 hüquqi və 103 fiziki şəxs qeydiyyatdan keçirib. Həmin şəxslərin adlarından istifadə etməklə əmtəəsiz maliyyə əməliyyatları aparılıb, yalançı sahibkarlıq fəaliyyəti təşkil edilib və dövlətin maliyyə nəzarəti mexanizmləri zəiflədilib.

İstintaq materiallarına əsasən, bu əməliyyatlar nəticəsində ölkə iqtisadiyyatına 81,5 milyon manatdan çox zərər vurulub. Dəstə üzvləri eyni zamanda dövlət büdcəsinə məxsus 8 milyon manatdan artıq əlavə dəyər vergisini (ƏDV) dələduzluq yolu ilə mənimsəyiblər.

İlkin istintaqla müəyyən edilib ki, dəstə daxilində “vəzifə bölgüsü” aparılıb və fəaliyyət vahid mərkəzdən idarə olunub. Cinayət yolu ilə əldə edilmiş pullar müxtəlif maliyyə əməliyyatları və köçürmələr vasitəsilə leqallaşdırılıb.

Baş Prokurorluğun açıqlamasına görə, dəstənin rəhbər şəxsləri də daxil olmaqla ümumilikdə 30 nəfərə qarşı Cinayət Məcəlləsinin bir sıra ağır maddələri — o cümlədən 178.4 (xüsusilə külli miqdarda dələduzluq), 193.3.1 (yalançı sahibkarlıq) və 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) ilə ittiham irəli sürülüb.

Onlardan 10 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, digərləri barəsində isə alternativ qətimkan tədbirləri seçilib. Bəzi təqsirləndirilən şəxslər barəsində axtarış elan edilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?