Bu gün

Qazaxıstanlı iqtisadçı: “Azərbaycan Orta Dəhlizin əsas dayaqlarından biridir” - AÇIQLAMA

Azərbaycan Qazaxıstan və Ermənistan arasında iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər.

Bu fikri tehlil.az saytına Qazaxıstanlı iqtisadçı, iqtisad elmləri namizədi Saparbay Jubayev açıqlamasında bildirib.

O qeyd edib ki, Sovet İttifaqının dağılmasından sonra türk dövlətləri siyasi, iqtisadi və digər sahələrdə birgə əməkdaşlıq yollarını axtarmağa başladılar və bu istiqamətdə yaradılan Türk Dövlətləri Təşkilatı artıq formalaşmış struktur quruma çevrilib:

“Bu təşkilatda əməkdaşlığın əsas hərəkətverici qüvvələri Türkiyə, Azərbaycan və Qazaxıstandır. Digər üzvlər – Türkmənistan, Özbəkistan və Qırğızıstan da bu əməkdaşlığa mühüm töhfələr verirlər. Hazırda Macarıstan və Şimali Kipr də təşkilatın fəaliyyətində iştirak edir”.

İqtisadçının sözlərinə görə, Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələri kifayət qədər aktiv inkişaf edir:

“Özbəkistan, Tacikistan və Qırğızıstan arasında ticarət çox yaxşı gedir. Lakin Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda müəyyən çətinliklər qalır. Biz istərdik ki, Qazaxıstan neftinin daha böyük həcmi Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə ixrac olunsun. Hazırda ixracın 80 faizi Rusiyanın ərazisindən, Novorossiysk limanı vasitəsilə həyata keçirilir. Bakı marşrutu ilə isə cəmi 4–5 milyon barel, yəni ümumi ixracın təxminən 5–6 faizi göndərilir. Bu istiqamətdə genişlənməyə ehtiyac var”.

Saparbay Jubayev Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərinin xüsusi önəm daşıdığını vurğulayıb:

“Prezidentlər İlham Əliyev və Tokayev arasında keçirilən görüş çox vacib idi. Görüşdə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Enerji sahəsində əməkdaşlığın inkişafı xüsusilə əhəmiyyətlidir, çünki Avropa ölkələri bizdən ekoloji təmiz elektrik enerjisi gözləyirlər. Avropalılar Xəzərin dibi ilə çəkiləcək enerji kabeli layihəsində Azərbaycan və Türkiyəyə böyük ümidlər bəsləyirlər və bu layihəyə ciddi sərmayələr yatırırlar. Bu baxımdan Azərbaycanın rolu son dərəcə yüksəkdir”.

O bildirib ki, İran üzərindən yük və enerji daşımaları sanksiyalar səbəbindən xeyli çətinləşib:

“Bu şəraitdə Qazaxıstan, Azərbaycan və Türkiyənin rolu əvəzolunmazdır. Söhbət Orta Dəhlizdən gedir. Qazaxıstan artıq bu istiqamətdə sərmayələri mənimsəyib və hazırda Çindən Aktau limanı üzərindən Bakıya daşınan yüklərin həcmi təxminən 5 dəfə artıb. Burada bəzi texniki problemlər var – gəmiqayırma, bərələr, limanların genişləndirilməsi və Xəzərin səviyyəsinin azalması məsələləri. Bu problemlərin həllində biz Azərbaycan qardaşlarımızın dəstəyinə ümid edirik”.

Saparbay Jubayevin sözlərinə görə, Zəngəzur dəhlizi region üçün mühüm əhəmiyyət daşıyır:

“Bu dəhliz vasitəsilə yüklərin Azərbaycan və Gürcüstan ərazisindən daşınması Qazaxıstan məhsullarının Ermənistana, Türkiyəyə və Avropaya ixracını asanlaşdıracaq”.

O vurğulayıb ki, Qazaxıstan–Azərbaycan əməkdaşlığı yalnız enerji və nəqliyyat sahələrini deyil, həm də regional inteqrasiyanın dərinləşməsini təmin edəcək:

“Azərbaycan isə bu prosesin əsas strateji halqası kimi çıxış edir”.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?