Bu gün

Şuşadan mesaj: Azərbaycan Vaşinqtonu bataqlıqda görmək istəmir - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən III Qlobal Media Forumunda Amerika Prezidenti Donald Tramp haqqında verdiyi bəyanat yalnız diplomatik jest və ya sadəcə təşəkkür mesajı deyil. Bu, həm regional, həm də qlobal səviyyədə baş verən geosiyasi proseslərə münasibətin, Azərbaycanın yeni dönəmdəki xarici siyasət prioritetlərinin, eyni zamanda ABŞ-nin liderlik formatına qarşı Bakının baxış bucağının strateji ifadəsidir. İlk növbədə Donald Trampın Cənubi Qafqaz siyasətinə nəzər salaq. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, o, Trampın “hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir lider” olduğunu vurğulayır. Bu, əslində, ABŞ-nin son iki onillikdə yürüdüyü neokonservativ hərbi müdaxilə siyasətindən fərqli bir yanaşmaya, yəni Trampın daha çox “Amerika daxili” problemlərə yönələn, dünyada “polis dövləti” funksiyasını arxa plana keçirən mövqeyinə işarədir. Bu yanaşma Azərbaycan kimi müstəqil siyasət yürütmək istəyən, regional sabitliyi öz maraqlarına uyğun formalaşdırmağa çalışan ölkələr üçün müəyyən mənada əlverişlidir. Əliyevin fikrindən belə nəticə çıxır ki, Tramp administrasiyası dövründə Vaşinqtondan gələn təzyiqlər, xüsusilə Qarabağ münaqişəsinin həlli ilə bağlı balanssız diplomatik təkliflər daha az idi. Bundan əlavə, Prezident İlham Əliyevin çıxışında yer alan “Vaşinqton bataqlığı” ifadəsi xüsusi diqqət tələb edir. Bu ifadə ilk dəfə Donald Trampın öz seçki kampaniyasında işlədilmişdi və ABŞ-nin siyasi elitasında mövcud olan korrupsiyalaşmış, qapalı, bir-birini dəstəkləyən qrupların məcmusuna verilmiş metaforik bir ad idi. Prezident İlham Əliyevin bu ifadəni təkrar etməsi onun Trampın sistemə qarşı apardığı mübarizəyə ideoloji simpatiyasının ifadəsi kimi dəyərləndirilə bilər. Bunu eyni zamanda ABŞ-nin daxili siyasi sisteminə açıq mesaj da saymaq olar. Belə ki, Bakı yalnız Ağ Evin siyasətini deyil, onun içindəki güc strukturlarının davranışını da izləyir və qiymətləndirir.

Bəs bu təşəkkürün arxa planında nə dayanır? Prezident İlham Əliyevin Trampa “Azərbaycana və Ermənistana razılığa gəlməyə kömək etdiyinə görə” təşəkkür etməsi maraqlı ritorikadır. Tramp dövründə ABŞ Cənubi Qafqazda daha passiv mövqe tutsa da, 2020-ci ilin oktyabrında müharibə zamanı onun vasitəçiliyə çalışaraq humanitar atəşkəs cəhdi və bu cəhdin beynəlxalq gündəmə gətirilməsi diplomatik tarix baxımından əhəmiyyətli idi. Həmin dövrdə ABŞ Dövlət Departamenti və Ağ Ev xüsusilə də Trampın kürəkəni Cared Kuşner vasitəsilə Azərbaycan-Ermənistan cəbhəsində diplomatik balans yaratmağa çalışırdı. Bu cəhdlər hər nə qədər uğursuz alınsa da, Bakının nəzərində ABŞ-nin birtərəfli ermənipərəst mövqe tutmaması mühüm amil idi. Prezident İlham Əliyevin bu təşəkkürü, həmçinin Bayden administrasiyasının Ermənistanla yaxınlaşmasına və Azərbaycana qarşı artan tənqidlərinə qarşı simvolik müqayisə xarakteri daşıyır. Heç şübhəsiz ki, Tramp administrasiyasının “nisbətən neytral”, Baydenin isə “Ermənistanyönlü” siyasət yürütməsi fonunda bu sözlər Vaşinqtonda da ciddi qəbul ediləcək.

Prezidentin Trampla bağlı bəyanatını həm də daxili auditoriyaya hesablanmış açıqlama kimi də qəbul etmək olar. Belə ki, Azərbaycan ictimaiyyətində ABŞ siyasətinə qarşı müəyyən skeptisizm mövcuddur. Xüsusilə Bayden administrasiyası dövründə Azərbaycana qarşı sanksiya çağırışları, insan haqları ilə bağlı tənqidlər və Konqresdəki erməni lobbisinin fəaliyyəti bu fikri gücləndirir. Prezident İlham Əliyevin Trampa müsbət yanaşması isə bu skeptik münasibəti gücləndirmək və Vaşinqtonun bütün siyasi elitasını “eyni” görməmək çağırışıdır. Eyni zamanda bu mesajın regional ünvanları da mövcuddur.

MTM Analitik Qrupu 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?