Rusiya erməni iş adamlarını Paşinyana qarşı qaldırır - ŞƏRH

Rusiyalı erməni əsilli iş adamı, “Ermənistan Elektrik Şəbəkəsi” və “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın həbsi Paşinyan komandasının Moskvanı düşmən hesab etməsinin nəticəsidir. Karapetyanın həbsi birbaşa Paşinyanın göstərişi ilə baş tutub. Ötən gün mətbuat konfransı verən baş nazir Samveli Rusiya ilə əlaqələndirərək bu həbsin birbaşa özünün göstərişi ilə həyata keçirildiyinə eyham vurub. Bununla belə, Karapetyana qarşı çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb. Bu da onu sübut edir ki, Samvel uzun müddət dəmir barmaqlıqlar arxasında qalacaq. Buna səbəb isə seçki ərəfəsində iş adamının hansısa partiyanı maliyyələşdirməsinin qarşısını almaqdır. Eyni zamanda Rusiyadan Ermənistana siyasi pulların daxil olması da yuyulmuş çirkli pul əməliyyatı hesab ediləcək.
Yeri gəlmişkən ABŞ səfirliyi də hər il Ermənistanda 100 milyon dollar xərcləyir, müxtəlif qrantlara maliyyə ayırır. Amma bunun heç bir hesabatı ortda yoxdur.
Təbii ki, Paşinyanın bu hərəkətləri Kremldə birmənalı qarşılanmır. Artıq Moskva təsir rıçaqlarını işə salıb. Bu isə sahibkarlıq subyektləri və iqtisadiyyata ciddi ziyan vurur. Uzun müddətdir bir çox yüklərin daşınmasında iş adamları anlaşılmaz çətinliklərlə üzləşirlər.
Hakimiyyət Gürcüstanla uğurlu əlaqələr qurduğunu açıqlasa da, bu ölkə ərazisindən Ermənistan yüklərinin fasiləsiz daşınması və tranzit problemi həll edilmir. Lazımsız yoxlamalar ixraçat və idxalçılara çətinlik və əngəllər yaradıb. Bu günlərdə məlum olub ki, Gürcüstanın Yuxarı Lars gömrük məntəqəsində Rusiya Ermənistana qaz daşıyan avtomobillərə qarşı daha sərt tədbirlər görür. Gürcüstanda erməni mallarının daşınması ilə bağlı yaranmış narahatlıqları və süni maneələri aradan qaldırmayan hökumətin Rusiya bazarına gül tədarükü ilə bağlı problemləri də yaranıb. Amma bu, hakimiyyət üçün sürpriz deyildi.
Rusiya tərəfi aylardır ki, Ermənistandan Rusiya bazarına gül tədarükü zamanı fitosanitar qaydalara uyğunsuzluğun aradan qaldırılması üçün tədbirlər görülməsə, belə vəziyyətin yarana biləcəyi barədə xəbərdarlıq edir. Onlar son vaxtlar belə halların artdığı və artmaqda davam etdiyi barədə xəbərdarlıq edərək, xəstəliyə yoluxmuş və keyfiyyətsiz güllərin ölkəyə daxil olmasının qarşısının alınması üçün tədbirlər görülməsini təklif ediblər. Amma gülçülər faktla üzləşənə qədər bu problemləri aradan qaldırmaq üçün heç bir iş görülmədi. İş adamları kredit götürüb, istixanalar tikib, gül yetişdirib, Rusiya bazarına çıxaracaqlarını gözləsələr də, səlahiyyətlilərin məsuliyyətsiz davranışı və hərəkətsizliyi ucbatından ümidsiz vəziyyətə düşüblər.
İyunun 27-də Ermənistandan Rusiya bazarına gül və qönçələrin ixracına daha sərt məhdudiyyətlər tətbiq edilib. Rosselxoznadzor bundan sonra Ermənistandan gələn gül məhsullarının ölkəyə yalnız izlənilməsini təmin edən istehsal sahələrindən buraxılacağını açıqlayıb. Rosselxoznadzor Ermənistandan Rusiyaya gül ixracına məhdudiyyətlərin tətbiqini onunla şərtləndirib ki, Ermənistan tərəfi ilə nəzarətin gücləndirilməsi ilə bağlı əldə olunan razılaşmalara baxmayaraq, Rusiyaya ixrac edilən yoluxmuş güllərin miqdarı və yoluxma halları artır. Bu gün bir çox istehsalçı çıxılmaz vəziyyətə düşüb. Məhsullarını ixrac edə bilmirlər. Rəsmilərin məsuliyyətsiz davranışı ucbatından gül biznesi iflasa uğramaq ərəfəsindədir. Götürülən kreditləri isə qaytarmaq mümkünsüz görünür. Hökumət isə güzəştə getmək niyyətində deyil.
Paralel olaraq, Rusiyaya ixrac olunan erməni konyakına da qadağalar tətbiq edilir. Rusiyanın Konyak, Spirt və Spirtli İçkilər İstehsalçıları İttifaqının araşdırması zamanı məlum olub ki, ixrac olunan erməni konyakının 85%-i keyfiyyət standartlarına cavab vermir. Bu da konyak istehsalçıları arasında ciddi narazılığa səbəb olub.
Görünən isə odur ki, Rusiya Ermənistanda seçki ili ərəfəsində ciddi narazı kütlə yaratmağa çalışır. Bu kütlədən isə seçkilərdə ciddi şəkildə istifadə etmək, Paşinyan hökumətinin rəqibinin səs balansını dəyişmək mümkündür.
Hikmət Həsənov