17 iyul

Politoloq: “Paşinyanın açıqlamaları Bakı və Ankara ilə danışıqların nəticəsidir” - RƏY

Ermənistanın baş naziri Nikol Paşinyanın son mətbuat konfransında verdiyi bəyanatlar təsadüfi deyil. Bu açıqlamaları, onun son dövrlərdə Azərbaycan və Türkiyə prezidentləri ilə keçirdiyi görüşlərin nəticəsi kimi dəyərləndirmək olar.

Bunu təhlil.az saytına açıqlamasında "Xəzər Məkan Analizi Mərkəzi"nin rəhbəri, politoloq İlqar Vəlizadə deyib. 

Politoloqun sözlərinə görə, Paşinyan regionla bağlı verilən "müsbət mesajları" qəbul edir:

“Görüşlərdə əsasən regional gündəmlə bağlı məsələlər müzakirə olunub. İndi isə Paşinyan başa düşür ki, Bakı və Ankara ona açıq şəkildə siqnal göndərir: Ermənistan regional əməkdaşlıq proseslərinə tamhüquqlu iştirakçı kimi qoşula bilər. Bu, onun üçün real fürsətdir”.

İ. Vəlizadənin fikrincə, Ermənistanda bu prosesə qarşı çıxan güclər də az deyil:

“Onlar birbaşa xarici qüvvələrlə bağlıdır. Məqsəd isə Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsinə, regional gündəmin bir hissəsinə çevrilməsinə imkan verməməkdir. Paşinyanın son sərt bəyanatları da məhz bu qüvvələrə cavab idi. O, göstərmək istəyir ki, Ermənistanın alternativ yolu yoxdur. ölkə ya regional inteqrasiyanı qəbul edəcək, ya da təcrid olunacaq”.

Politoloq qeyd edib ki, Paşinyan tez-tez dediklərini əməldə təsdiqləməyən siyasətçi obrazı ilə tanınır:

“Amma ümid edirik ki, bu dəfə o, ənənəvi davranış modelini pozacaq. Əks halda, Ermənistanda revanşist qüvvələrin xarici dəstəklə güclənməsi prosesi sürətlənəcək. Təəssüf ki, bu xarici dəstək təkcə Qərbdən deyil, bəzi Rusiya dairələrindən də gəlir”.

Onun fikrincə, Paşinyan həm daxili siyasi gündəmi dəyişməyə, həm də ölkənin xarici siyasətini yeni relslərə salmağa çalışır:

“O, artıq KTMT-dən çıxmaq, Ermənistanı Şanxay Əməkdaşlıq Təşkilatında daha fəal etmək kimi fikirlər səsləndirir. Yəni Ermənistanı Rusiya orbitindən çıxarmaq və daha çox regional siyasi sistemə inteqrasiya etmək istəyir”.

Ekspertin fikrincə, Paşinyan sadəcə niyyət deyil, real siyasi iradə ortaya qoymalıdır:

"Yəni o göstərməlidir ki, Ermənistan artıq özü qərar verən dövlətdir. Çünki indiyədək İrəvan gah Moskvadan, gah da Qərbdən asılı siyasət yürüdüb. Bu isə ölkəni çətin vəziyyətə salıb”.

İ. Vəlizadə hesab edir ki, Paşinyan üçün indi tarixi seçim anıdır: "Ya regional reallıqları qəbul edib yeni səhifə açacaq, ya da Ermənistan yenidən xarici oyunçuların manipulyasiya vasitəsinə çevriləcək". 

Rasim Babayev 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?