17 iyul

Ermənistanda Paşinyana qarşı qütbləşmə - Müxalifət birləşir - ŞƏRH

Ermənistan dövləti tarixinin ən qalmaqallı və gərgin seçkilərinə hazırlaşır. Seçkilərə 11 ay qalsa da, artıq uzun müddətdir ki, həm hökumət, həm də müxalifət kampaniyalara start verib. Baş nazir Nikol Paşinyan seçkiqabağı təşviqata artıq başlayıb və bunun üçün bütün arsenalını ortaya qoyub. Rayonların hamısına asfalt çəkilir, su və qaz xətləri yenilənir, müxtəlif müxalifət partiyalarına avtobuslar ayrılır. Bununla yanaşı, Maliyyə nazirliyi də daha çox insanın müavinət ala bilməsi üçün proqram hazırlayır. Bu proqram isə əslində seçki rüşvətlərinin effektiv şəkildə paylanması üçün nəzərdə tutulub.

Paralel olaraq Anna Akopyan tərəfindən ortaya atılan “Təhsil dəbdədir” layihəsinin də bu məqsədə xidmət etdiyini deyə bilərik. Çünki bu layihə ictimai şüurun yenidən qurulmasına və hakimiyyət üçün əlverişli sosial bazanın formalaşdırılmasına yönəlmiş manipulyasiya xarakterli siyasi layihədir. Bunun real təhsillə heç bir əlaqəsi yoxdur; o, əsas məqsədi ideoloji boşluğu paketləmək olan bir dəyər diskursunu simulyasiya edir. Nikol Paşinyanın seçki mühəndisliyi məhz bu şəkildə ictimai etimad hesabına deyil, metodik idarəetmə, asılılıq və parçalanma hesabına formalaşır.

Eyni zamanda söyləmək yerinə düşər ki, erməni müxalifəti də aktivləşərək ciddi addımlar atmaq qərarını verib. Məsələn, “Erməni Milli Konqresi” ilə “Respublika” partiyası arasında artıq danışıqlar başlayıb. Məqsəd 2026-cı ildə keçiriləcək parlament seçkilərinə yeni format, yeni sima ilə qatılmaqdır. Hələlik ciddi nəticə olmasa da, danışıqlar gedir və digər siyasi qüvvələrin də onlara qoşulacağını ehtimal etmək olar. Artıq bir sıra nəşrlər də “Yaşam üçün ölkə”, “Qələbə”, “İşıqlı Ermənistan” kimi partiyaların da bu bloka qoşulacağını yazır. Bu da Paşinyan üçün ciddi və güclü bir blokun formalaşması mənasına gəlir.

Digər tərəfdən isə həbsdə olan iş adamı Samvel Karapetyanın Ermənistanda yeni siyasi qüvvənin yaranması ilə bağlı açıqlaması da qütbləşmədən xəbər verir. Karapetyan həbsxanadan göndərdiyi müraciətində bildirib ki, 4 iyul mitinqi hakimiyyətin qorxusunu sübuta yetirib. O, xalqa arxalanaraq, yeni siyasi qüvvə yaratmaq, seçkilərdə təmsil olunmaq niyyətini bildirib. Onun bəyanatı və baş verən proseslər göstərir ki, Karapetyan Paşinyan əleyhinə böyük partiya qurmağa çalışır. Bu, seçkilərə hazırlaşan “Vətəndaş müqaviləsi” üçün pis xəbər sayıla bilər. Əgər belə bir partiya yaransa, deməli, Ermənistanda Paşinyana qarşı üç güclü blok “savaşacaq”. Birinci blok yuxarıda adı hallanan, ikinci Karapetyanın quracağı blok, üçüncü isə Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku olacaq.

Bu bloklar isə Gümrü seçkisində fiaskoya uğrayan Paşinyan hökuməti üçün real təhlükə sayılır. Bu səbəbdən də ehtimal etmək olar ki, bu yaxınlarda Samvel Karapetyana nəinki iri siyasi qüvvələr, hətta heç vaxt seçkidə uğur qazana bilməyən kiçik qruplaşmalar da qoşulacaq.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?