Bu gün

Əhməd Əl Şaraa: “Biz bu torpağın övladlarıyıq və parçalanmağa imkan verməyəcəyik”

Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraa ölkənin ərazi bütövlüyünü qorumaq istiqamətində Suriyanın qətiyyətli mövqeyini ifadə edən bəyanatla çıxış edib.

Təhlil.az-ın məlumatına görə, prezident xalq müraciətində bildirib ki, Suriya xalqı öz qədim tarixi boyunca hər zaman parçalanma cəhdlərini rədd edib:

"Biz bu torpağın övladlarıyıq və yalnız biz İsrailin Suriyanı hissələrə ayırmaq cəhdlərinə qarşı dura bilərik. Druzlar Suriya xalqının ayrılmaz hissəsidir və onların müdafiəsi hökumətin prioritetlərindəndir. İsrail keçmiş rejimin süqutundan sonra Suriyanı zəiflətmək və onu daxili qarşıdurmalarla sarsıtmaq məqsədilə təxribatlar törədir. Suriya nə xarici planların, nə də yad ambisiyaların sınaq meydanıdır. Yeni Suriyanın qurulması ölkənin milli maraqlarına fokuslanmağı tələb edir, xaosa sürüklənməyi yox”.  

Əhməd Əl Şaraa qeyd edib ki, Suriya xalqın rifahını və vətənin bütövlüyünü pozulmaya üstün tutur: “Biz müharibədən qorxmuruq, lakin dağıntı və nizamsızlıq əvəzinə xalqın maraqlarını seçdik. Ən düzgün yol, Vətənin birliyini qorumaqdır”.

O, təhlükəsizliyin təmin olunması məqsədilə əyalətlərdə səlahiyyətlərin yerli ictimai strukturlara və nüfuzlu şeyxlərə verildiyini bildirib:

"Bu, qarşıdurmanın dərinləşməsinin qarşısını almağa yönəlib. Suriya bilərəkdən münaqişələrə cəlb olunmaqdan yayınmağa çalışıb. Güc sahibi olmaq hələ qələbə demək deyil. Müharibəni başlatmaq olar, amma onun nəticələrini idarə etmək çətindir”.

Prezident əlavə edib ki, dövlət Suveyda vilayətində daxili qarşıdurmaların qarşısını almaq üçün bütün təsisatları səfərbər edib və artıq ərazidə sabitlik bərpa olunub: “Keçmiş rejimin süqutundan bu günə qədər İsrail Suriyanı parçalamaq üçün səylərindən əl çəkməyib”. 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?