Tofiq Zülfüqarov: “Strateji Tərəfdaşlıq Xartiyası tarixi mərhələnin başlanğıcıdır” - AÇIQLAMA

"Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, şübhəsiz ki, mühüm tarixi hadisədir".
Bu fikirləri təhlil.az saytına açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri və siyasi analitik Tofiq Zülfüqarov deyib.
O xatırladıb ki, “Azərbaycanın ABŞ ilə əməkdaşlıq formatı hələ 1990-cı illərin ortalarında formalaşıb:
"90-cı illərin əvvəlindən Azərbaycan ABŞ-ın siyasətində çox mühüm yer tuturdu. Təhlükəsizlik və enerji siyasəti məsələləri üzrə genişləndirilmiş dialoq formatımız mövcud idi. Bu çərçivədə çoxsaylı hadisələr baş verib, Bakı həmin əməkdaşlıq əsasında Vaşinqtondan böyük həcmdə yardım alıb. Mənim fikrimcə, ümumi məbləğ 2-3 milyard dollar arasında olub. Bu vəsaitlər Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsinə, sərhəd infrastrukturunun təşkili və inkişafına, Xəzər dənizinin Azərbaycan sektorunun mühafizəsinin təşkilinə yönəldilib”.
Onun sözlərinə görə, ABŞ və Qərb koalisiyasının Əfqanıstanda həyata keçirdiyi sülhməramlı əməliyyat dövründə Bakı ilə Vaşinqton arasında əməkdaşlıq daha da güclənib.
“Azərbaycan bu əməliyyatın təmin olunmasında əsas logistika mərkəzlərindən biri idi. Amerikalı mütəxəssislərin qiymətləndirməsinə görə, təxminən 2000 nəfər, o cümlədən hərbi mütəxəssislər bu logistikanın təmin olunmasında iştirak edirdi. Bu, təkcə konteynerlərin daşınmasını deyil, həm də geniş miqyasda nəqliyyat aviasiyasının istifadəsi imkanlarını əhatə edirdi. Bu isə Azərbaycanda aerodrom infrastrukturunun inkişafını tələb edirdi.
Yəni Bakı ilə Vaşinqton arasında kifayət qədər yaxşı və uzunmüddətli əməkdaşlıq tarixi mövcuddur. Bu proses Bayden administrasiyası dövründə müəyyən fasiləyə uğradı və bunu ABŞ-ın vitse-prezidenti De Vens Bakıda çıxışı zamanı qeyd etdi”, – deyə sabiq nazir vurğulayıb.
T. Zülfüqarov qeyd edib ki, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması və imzalanması barədə qərar 2025-ci ilin avqustunda Vaşinqtonda qəbul edilib:
“Sənəd isə bu həftə ABŞ-nin vitse-prezidentinin Azərbaycana rəsmi səfəri zamanı imzalanıb. Xartiya nəyi ifadə edir? Bu, daha çox qarşılıqlı anlaşma memorandumu və ya niyyətlər memorandumu xarakteri daşıyan sənəddir və burada strateji əməkdaşlığın əsas istiqamətləri tezis formasında müəyyənləşdirilir.
Strateji Tərəfdaşlıq Xartiyasında müdafiə sahəsi, müxtəlif infrastruktur və kommunikasiya layihələri, Azərbaycanda qlobal internet və süni intellekt sisteminin tərkib hissəsi olacaq data mərkəzlərinin yaradılması da daxil olmaqla çoxsaylı istiqamətlər əksini tapıb. Yəni mahiyyət etibarilə Azərbaycan yüksək texnologiyalar sahəsinə inteqrasiya olunur”.
Diplomat əlavə edib ki, Bakının enerji siyasətinin inkişafını şərti olaraq dörd mərhələyə bölmək olar:
“Birinci mərhələ neftin hasilatı və ixracının təmin edilməsi idi. Bu mərhələdə Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə neftin dünya bazarlarına çıxarılması mümkün oldu.
İkinci mərhələdə Azərbaycan qaz ixracı infrastrukturu yaratdı. Bu, TAP və TANAP layihələridir. Artıq Azərbaycan qazı bizdən uzaqda yerləşən ölkələrin, məsələn, İtaliyanın enerji təminatında müəyyən yer tutur. Qazımızın İsveçrəyə ixracı məsələsi də nəzərdən keçirilir.
Üçüncü mərhələ bərpa olunan, yəni “yaşıl enerji”nin ixracı ilə bağlıdır. Və indi dördüncü mərhələyə qədəm qoyuruq. Əgər əvvəllər Azərbaycan enerji daşıyıcılarını ixrac edirdisə, indi bu resurslar ölkə daxilində data mərkəzlərinin təminatı üçün istifadə olunacaq. Çünki bu mərkəzlər çox böyük həcmdə elektrik enerjisi tələb edir. Beləliklə, Bakı süni intellektin təminatına xidmət edən ən müasir texnoloji struktura inteqrasiya olunur”.
Rasim Babayev