Azərbaycan yeni dünya nizamının əsas qurucularından birinə çevrilir - TƏHLİL

Yaşadığımız əsrin ilk rübü beynəlxalq münasibətlər sistemində dərin transformasiyalarla, genişmiqyaslı dəyişikliklərlə xarakterizə olunur. “Soyuq müharibə”dən sonra formalaşmış düzən artıq əvvəlki sabitliyini itirməkdədir. Uzun müddət qlobal siyasətdə dominant mövqedə çıxış edən ABŞ-ın təsir imkanları qalmaqda davam etsə də, yeni güc mərkəzlərinin yüksəlişi dünya nizamını daha mürəkkəb və çoxqütblü xarakterə gətirib çıxarır. Lakin təbii ki, beynəlxalq hüquqda qeydə alınan böhran da prosesə ciddi şəkildə təsir edir.
Müasir dövrdə beynəlxalq hüquqda müşahidə olunan böhran qlobal siyasi sistemin transformasiyası ilə paralel şəkildə dərinləşir və yeni dünya nizamının formalaşmasına birbaşa təsir göstərir. Burada xatırlatmaq lazım gəlir ki, ötən əsrin ortalarında, xüsusilə BMT-nin yaradılması ilə formalaşan beynəlxalq hüquq sistemi dövlətlərin suverenliyi, ərazi bütövlüyü və gücdən istifadə etməmək prinsipləri üzərində qurulmuşdu. Lakin son onilliklərdə bu prinsiplərin selektiv tətbiqi, böyük güclər arasında artan rəqabət və çoxtərəfli institutların zəifləməsi hüquqi nizamın effektivliyini sual altına alıb. Proseslərin qeyd edilən səpkidə inkişafı qlobal miqyasda xaosa yol açır və o səbəbdən belə vəziyyətin qarşısının alınması bütün dünya ölkələri üçün həyati əhəmiyyət kəsb edir. Qeyd olunan kontekstdə xaosun önlənməsi istiqamətində bir sıra ölkələr aktiv fəaliyyət həyata keçirir ki, Azərbaycan da onların sırasında yer alır. ABŞ-ın təşəbbüsü ilə yaradılan və təsisçiləri sırasında Azərbaycanın da olduğu Sülh Şurasına bu mənada ümidlər böyükdür.
Yeni dünya nizamının potensial elementi olaraq görülən bu təşkilat, müasir beynəlxalq hüquqda yaranan vəziyyətlə bağlı danışan Prezident İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində qeyd edib: “Bilirsiniz, əgər xatırlayırsınızsa, mən bu haqda danışmışam, ola bilsin, təfərrüatı ilə yox, amma, ümumiyyətlə, demişəm ki, beynəlxalq hüquq artıq etibarlı deyil. Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü”.
Dövlət başçısı qeyd edib ki, hər şey gündəlikdən asılı olacaq: “Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”.
O da olduqca mühümdür ki, beynəlxalq nizamın yeni mexanizmlərinin formalaşmasında bu dəfə Azərbaycan özü də fəal şəkildə iştirak edir. Sülh Şurasının təsisçiləri sırasında ölkəmizin olması bu mənada çox şey ifadə edir. Digər tərəfdən enerji resursları, nəqliyyat dəhlizləri və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın yeni dünya nizamında əhəmiyyətini artırır. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu son illərdə daha da güclənib. Alternativ enerji mənbələrinin inkişafı qeyd olunan müstəvidə Azərbaycana əlavə üstünlüklər qazandırır.
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri çoxvektorlu yanaşmadır. Ölkə həm Qərb strukturları, həm də Şərq platformaları ilə əməkdaşlıq edir. Məsələn, Azərbaycan bir tərəfdən Avropa məkanı ilə sıx iqtisadi əlaqələr qurur, digər tərəfdən Qoşulmama Hərəkatı çərçivəsində aktiv fəaliyyət göstərərək inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edir. Eyni zamanda, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi platformalarla dialoq imkanlarının genişləndirilməsi Azərbaycanın çoxtərəfli diplomatiyasının göstəricisidir.
Son illərdə baş verən münaqişələr və xüsusilə Ukrayna və Qrenlandiya ətrafında yaranmış geosiyasi gərginlik qlobal təhlükəsizlik arxitekturasını sarsıdır. Bu proseslər enerji bazarlarında, ərzaq təhlükəsizliyində və beynəlxalq hüquq sistemində ciddi dəyişikliklərə səbəb olub. Belə şəraitdə Azərbaycan həm regional sabitliyin qorunması, həm də beynəlxalq enerji və nəqliyyat layihələrinin davamlılığının təmin olunması baxımından mühüm tərəfdaş kimi çıxış edir. Son illərdə Azərbaycanın addımları sayəsində Cənubi Qafqazda baş verən mühüm dəyişikliklər də qeyd olunanların təzahürüdür.
O da faktdır ki, yeni dünya nizamı yalnız güc balansının dəyişməsi ilə deyil, həm də dəyərlər, texnologiyalar və iqtisadi modellər arasındakı rəqabətlə müəyyən olunur. Rəqəmsallaşma, yaşıl enerji və süni intellekt kimi sahələr dövlətlərin strateji üstünlüyünü formalaşdıran əsas amillərə çevrilir. Azərbaycan da bu çağırışlara uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı və rəqəmsal transformasiya istiqamətində addımlar atır. Bu siyasət ölkənin uzunmüddətli dayanıqlığını təmin etməklə yanaşı, onu yeni qlobal sistemdə daha çevik və rəqabətqabiliyyətli aktora çevirir.
Bütün bunlar sayəsində Azərbaycan təkcə regional yox, artıq qlobal miqyasda artan nüfuza malikdir. Strateji coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları, eləcə də praqmatik və balanslı diplomatiyası ölkəni yeni dünya düzənində mühüm iştirakçıya çevirir. Beləliklə, formalaşmaqda olan beynəlxalq sistemdə Azərbaycanın rolu təkcə regional çərçivə ilə məhdudlaşmır, o, daha geniş Avrasiya və qlobal kontekstdə də əhəmiyyətli subyekt kimi çıxış edir. Bu da ölkəmizin qlobal nüfuzunu daha sürətlə artırır, beynəlxalq mövqelərini gücləndirir.
MTM Analitik Qrupu