Dünən

Ermənistanda “ölüm-dirim” seçkisi: Paşinyanla Karapetyan arasında böyük savaş - TƏHLİL

Ermənistanda 2026-cı ilin 7 iyununa təyin edilmiş parlament seçkiləri sadə bir səsvermə deyil, əsl "ölüm-dirim savaşı" kimi yadda qalacaq. Uzun müddətdir iqtidarla müxalifət arasında gedən qarşıdurmaya artıq erməni diasporu və kilsə də qoşulub. “Vətəndaş müqaviləsi”nin hakimiyyəti dövründə, xüsusən də post-müharibə illərində İrəvanın Moskva ilə münasibətlərinin kəskinləşməsi fonunda Kremlin də erməni dövlətində hakimiyyətlə bağlı planlarının olduğu üzə çıxıb. Məsələn, Rusiyada yaşayan erməni əsilli iş adamı Samvel Karapetyanın kilsəni müdafiə etdikdən sonra həbsə göndərilib və onun siyasi ambisiyalarının olduğu məlumdur. Paşinyan və müxalifət arasındakı bu kəskin qütbləşmə, seçki marafonunun çox gərgin, bəlkə də toqquşmalarla müşayiət olunacaq bir dövrə qədəm qoyduğunu göstərir. Bu, sadəcə iki namizədin yox, iki fərqli gələcək vizyonunun amansız mübarizəsidir.

Bu mübarizənin ən mübahisəli tərəfi Karapetyanın qarşısındakı hüquqi sədlər və konstitusiya maneəsidir. Ermənistanın ana qanunu açıq şəkildə tələb edir ki, Baş nazir olmaq istəyən şəxs son dörd ildə yalnız bu ölkənin vətəndaşı olmalı və burada yaşamalıdır. Karapetyan isə illərdir Rusiyada nəhəng biznes imperiyasını idarə edir, yəni kağız üzərində onun namizədliyi qeyri-mümkündür. Lakin onun komandası qanunları kənara qoyub, parlamentdəki güc balansını dəyişməklə bu maddəni ləğv etməyə çalışır. Elə bu səbəbdən də bu yaxınlarda hakimiyyətə yaxın media qurumlarında Samvelin Rusiya vətəndaşı olduğunu təsdiqləyən pasportunun görüntüləri yayılıb. Bu isə o deməkdir ki, Paşinyan komandası Karapetyanı indidən neytrallaşdırmağı planlaşdırır.

Digər tərəfdən, Karapetyanın bu gəlişi bizə tanış olan "İvanişvili modelini" xatırladır. Moskvada varlanan bir milyarderin vətəninə qayıdıb "mən hər şeyi düzəldəcəm" deməsi, əslində geosiyasi bir oyunun tərkib hissəsidir. Rusiya bu gedişlə Ermənistanı öz orbitindən uzaqlaşmağa qoymamaq, Paşinyanın Qərbə tərəf baxan kursunu kəsmək istəyir. Karapetyan sadəcə bir iş adamı deyil, o, kilsə ilə, köhnə elitayla və Moskva ilə sıx tellərlə bağlı olan bir rəhbər obrazıdır. Onun hakimiyyətə gəlişi Ermənistanın xarici siyasətində "stop" düyməsinin basılması və bütün qərarların Kremlə uyğunlaşdırılması ilə nəticələnə bilər. Bu isə ölkənin son illər ərzində qazanmağa cəhd etdiyi müstəqil qərar qəbuletmə mexanizmini yenidən laxlada və Kremlin təsir dairəsinə qayıtması deməkdir.

Karapetyanın həbsdə olması isə ona qəribə bir "məzlum qəhrəman" donu geyindirir. Siyasətdə həmişə belədir: əgər güclü bir adamı barmaqlıqlar ardına salsanız, o, seçicinin gözündə sistemə qarşı vuruşan bir qurbana çevrilir. Paşinyan hakimiyyəti onu ağır cinayətlərdə ittiham etsə də, Karapetyan tərəfdarları bunu siyasi qisas kimi qələmə verirlər. Bu vəziyyət cəmiyyətin emosional damarını tutur və xüsusən də iqtisadi çətinliklərdən bezmiş kütləni onun ətrafında birləşdirir. İnsanlar inanmaq istəyirlər ki, bu "zəncirlənmiş xilaskar" azadlığa çıxan kimi ölkəni cənnətə çevirəcək. Bu cür populist yanaşmalar isə seçki ərəfəsində məntiqi yox, hissləri ön plana çıxararaq səs toplamaq üçün ən asan yoldur.

İqtisadi vədlər məsələsi isə tam bir "qızıl qəfəs" hekayəsidir. Karapetyan özünün və "Təşir" qrupunun milyardlarını Ermənistanın qarşısına bir yem kimi qoyur. Vəd sadədir: "İş yerləri açacam, investisiya gətirəcəm". Amma analitik baxımdan yanaşsaq, bu, ölkənin iqtisadiyyatını bir adamın cibindən asılı vəziyyətə salmaqdır. Bir oliqarxın maliyyələşdirdiyi dövlət artıq dövlət deyil, böyük bir korporasiyadır. Bu modeldə azad rəqabət, kiçik biznes və şəffaf iqtisadiyyat deyil, yalnız Karapetyana yaxın olanların maraqları təmin olunacaq. Ermənistan seçicisi qərar verməlidir: müvəqqəti maddi rahatlıq üçün azadlığını satacaq, yoxsa daha çətin, amma ləyaqətli bir yol seçəcək?

Nəhayət, Paşinyanın bu hücuma qarşı hazırladığı ən real cavab Azərbaycanla sülh və regional inteqrasiya kartıdır. Paşinyan anlayır ki, Karapetyanın Rusiyadan gətirəcəyi pullar müvəqqəti, lakin Azərbaycanla yolların açılması, tranzit qadağalarının götürülməsi və Ermənistanın böyük ticarət dəhlizlərinə qoşulması uzunmüddətli inkişafın tək yoludur. Bu, Ermənistan üçün real bir inkişaf modelidir; çünki qonşularla düşmənçilik şəraitində, blokada daxilində heç bir milyarder ölkəni xoşbəxt edə bilməz. Azərbaycanla sülh müqaviləsi imzalamaq və yolları açmaq Ermənistanı həm Rusiyadan olan birtərəfli asılılıqdan qurtarar, həm də onu dünyanın iqtisadi xəritəsinə qaytarar. Paşinyan seçiciyə deyir: "Mən sizə qonşularla dinc yanaşı yaşamağı və qlobal ticarətin parçası olmağı vəd edirəm, rəqiblərim isə sizi yenidən kiminsə əlaltısına çevirmək istəyir".

Hikmət Həsənov

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?