Dünən

Azərbaycanın avtomobil bazarı yeni mərhələyə keçir - ARAŞDIRMA

Azərbaycan minik avtomobili bazarında mövsümi və digər faktorlardan asılı olaraq daim dəyişkənlik müşahidə edilir. Bəzi aylarda bu bazarda ciddi canlanma olduğu halda, başqa aylarda əks mənzərə qeydə alınır. Amma bir məsələ dəqiqdir ki, ölkədə bu nəqliyyat növünə tələb yüksəkdir və elə bu kontekstdə idxal olunan minik avtomobillərinin sayı da yüksək rəqəmlərlə ifadə olunur.

Rəsmi statistik göstəricilər də minik avtomobillərinin idxalında artım tendensiyasını təsdiqləyir. Media Təhlil Mərkəzinin Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi göstəricilər əsasında apardığı təhlilə görə, son beş ildə Azərbaycana ümumilikdə 438 300 ədəd minik avtomobili idxal olunub. Ötən ildə hətta bu baxımdan son beş ilin rekordu qeydə alınıb. 2025-ci ildə bir il əvvəllı müqayisədə idxal 38,1% və ya 31 406 ədəd artaraq 113 840 ədədə çatıb. 2025-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin statistik dəyəri 2,14 milyard ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 36,7% və ya 0,57 milyard dollar artım deməkdir.

Məsələnin digər mühüm nüansları ondan ibarətdir ki, minik avtomobillərinin idxalında artım təkcə istehlakçı tələbatı ilə deyil, həm də iqtisadi, texnoloji və institusional amillərlə bağlıdır. Avtomobil idxalının yüksəlməsi həm ölkə daxilində nəqliyyat parkının yenilənməsi, həm də dəyişən bazar davranışları ilə sıx əlaqəlidir. Avtomobil idxalının artmasının əsas səbəblərindən biri əhalinin gəlir səviyyəsinin və maliyyə əlçatanlığının yüksəlməsidir. Son illərdə iqtisadi sabitliyin möhkəmlənməsi, əməkhaqlarının artımı və kredit bazarının genişlənməsi vətəndaşların avtomobil alma imkanlarını artırıb. Banklar tərəfindən təklif olunan avtomobil kreditləri və lizinq proqramları nəqliyyat vasitəsinin əldə edilməsini daha əlçatan edib. Eyni zamanda, orta təbəqənin genişlənməsi fərdi avtomobilə olan tələbatı yüksəldir. Şəhər nəqliyyatının sıxlığı və ictimai nəqliyyatın məhdud imkanları fonunda şəxsi avtomobil komfort və vaxt qənaəti baxımından üstünlük təşkil edir. Bu isə idxalın strukturunda artım yaradır.

Təbii ki, ötən il idxalda artımı şərtlndirən daha bir məqam elektrik, hibrid avtomillərə edilən güzəştlərin ləğvindən qaynaqlanır. Cari il yanvarın 1-dən hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi güzəştinin müddəti başa çatıb. ƏDV güzəştinin ləğvi nəticəsində hibrid və elektrik mühərrikli avtomobillərin qiymətinin artacağının qaçılmaz olması fonunda ötən il belə nəqliyyat növlərinin ölkəyə idxalında ciddi artım qeydə alınıb. Artım daha çox Çindən gətrilən belə nəqliyyat növlərində özünü büruzə verib. 2025-ci ildə ölkəyə 75 706 ədəd ekoloji təmiz minik avtomobili idxal edilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 29 224 ədəd olub. Beləliklə, 2025-ci ildə həmin kateqoriya üzrə idxal 159,1% və ya 46 482 ədəd artıb. Bu, son beş ilin ən yüksək göstəricisi hesab olunur. Ümumilikdə, son illərin statistikası ekoloji təmiz nəqliyyat vasitələrinə tələbin sürətlə artdığını göstərir. İdxal edilən avtomobillərin strukturuna nəzər salsaq, onların 49,89%-ni və ya 56 794 ədədini plug-in hibrid minik avtomobilləri təşkil edib. 14,83% və ya 16 884 ədəd hibrid avtomobillərin, 1,78% və ya 2 028 ədəd isə tam elektrik mühərrikli nəqliyyat vasitələrinin payına düşüb.

Qalan 33,5% və ya 38 134 ədəd isə yalnız daxili yanma mühərriki ilə çalışan, yəni ənənəvi yanacaq növlərindən istifadə edən minik avtomobillərindən ibarət olub. Beləliklə, 2025-ci ildə idxal olunan minik avtomobillərinin böyük hissəsini alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələri təşkil edib. 2025-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin birinin orta qiyməti 18 816,3 ABŞ dolları olub.

Gözləntilər bundan ibarətdir ki, qarşıdakı dövr ərzində də ölkəyə ekoloji cəhətdən təmiz avtomobillərin idxalı artacaq. Digər tərəfdən ekoloji standartların sərtləşdirilməsi, tətbiq olunan digər məhdudiyyətlər də bazarı yeni və daha müasir modellərə yönləndirir. Yeni avtomobillər daha az yanacaq sərfiyyatı, daha yüksək təhlükəsizlik standartları və texnoloji üstünlüklərlə seçilməsi də prosesə öz təsirini göstərir. Başqa maraqlı nüanslardan biri də budur ki, qloballaşma və rəqəmsal platformaların inkişafı avtomobil alışını daha asan edib. Onlayn hərrac platformaları vasitəsilə xarici bazarlardan avtomobil seçmək və almaq imkanı genişlənib. ABŞ-da keçirilən hərraclar Azərbaycan alıcıları üçün cəlbedici qiymətlər təklif edir. Nəqliyyat və logistika xidmətlərinin optimallaşması isə idxal prosesini daha sürətli və əlçatan edir. Bundan əlavə, regionda nəqliyyat dəhlizlərinin inkişafı və liman infrastrukturunun modernləşdirilməsi idxalın həcmini artıran amillərdəndir. Xüsusilə Xəzər dənizi üzərindən yükdaşımaların intensivləşməsi logistikanı daha səmərəli edib.

Yerli avtomobil istehsalının məhdud olması idxalın əsas mənbə olaraq qalmasına səbəb olur. Bazarda müxtəlif brendlərin və modellərin təqdim olunması rəqabəti artırır və qiymətlərin nisbətən balanslı qalmasına şərait yaradır. İstehlakçılar daha geniş seçim imkanına malik olur ki, bu da idxalın artmasına təkan verir. Eyni zamanda, ikinci əl avtomobillərin xarici bazarlarda daha münasib qiymətə əldə olunması idxalı stimullaşdırır.

Təhlil Analitik Qrupu 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?