Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA

Media Təhlil Mərkəzinin Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi göstəricilər əsasında apardığı təhlilə görə, son beş ildə Azərbaycana ümumilikdə 438 300 ədəd minik avtomobili idxal olunub.
2021-ci ildə ölkəyə 85 191 ədəd minik avtomobili gətirilib. 2022-ci ildə isə idxal həcmi əvvəlki illə müqayisədə 19,4% və ya 16 507 ədəd azalaraq 68 684 ədəd təşkil edib. 2023-cü ildə yenidən artım qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə idxal 28,3% və ya 19 467 ədəd artaraq 88 151 ədədə yüksəlib. 2024-cü ildə isə azalma müşahidə olunub. 2023-cü illə müqayisədə idxal 6,5% və ya 5 717 ədəd azalaraq 82 434 ədəd olub.
2025-ci ildə minik avtomobili idxalında əhəmiyyətli artım baş verib. 2024-cü illə müqayisədə idxal 38,1% və ya 31 406 ədəd artaraq 113 840 ədədə çatıb.
Beləliklə, son beş ilin dinamikası göstərir ki, müəyyən dalğalanmalara baxmayaraq, 2025-ci ildə minik avtomobili idxalı ən yüksək səviyyəyə çatıb.

2025-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin statistik dəyəri 2,14 milyard ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 36,7% və ya 0,57 milyard dollar artım deməkdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə minik avtomobillərinin idxalının statistik dəyəri 1,57 milyard dollar olub. 2023-cü ildə isə idxalın dəyərində daha kəskin artım qeydə alınıb. Belə ki, 2022-ci illə müqayisədə göstərici 79,4% və ya 0,68 milyard dollar artaraq təxminən 1,52 milyard dollara çatıb. 2022-ci ildə ölkəyə 0,84 milyard dollar, 2021-ci ildə isə 0,78 milyard dollar dəyərində minik avtomobili idxal edilib.
Ümumilikdə son beş ilin dinamikası göstərir ki, idxal olunan minik avtomobillərinin statistik dəyəri hər il artım tendensiyası nümayiş etdirib və xüsusilə 2023–2025-ci illərdə bu artım əvvəlki illərlə müqayisədə daha kəskin olub.

2021-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin birinin orta qiyməti 9 162 ABŞ dolları təşkil edib. 2022-ci ildə bu göstərici əvvəlki illə müqayisədə 34,2% və ya 3 136,7 dollar artaraq 12 298,7 dollara yüksəlib. 2023-cü ildə də artım davam edib. Belə ki, 2022-ci illə müqayisədə orta qiymət 39,8% və ya 4 891,3 dollar artaraq 17 190 dollara çatıb. 2024-cü ildə isə artım tempi nisbətən zəifləsə də, müsbət dinamika qorunub saxlanılıb. Həmin il orta qiymət 10,6% və ya 1 814,3 dollar artaraq 19 004,3 dollar təşkil edib.
Son beş il ərzində azalma yalnız 2025-ci ildə qeydə alınıb. 2024-cü illə müqayisədə orta qiymət 1% və ya 188,2 dollar azalaraq 18 816,3 dollar olub.
Beləliklə, 2021–2024-cü illərdə idxal olunan minik avtomobillərinin orta qiymətində ardıcıl artım müşahidə edilsə də, 2025-ci ildə cüzi azalma qeydə alınıb.

Son illərdə Azərbaycana idxal olunan avtomobillər arasında ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin payının artdığı müşahidə olunur. Bu kateqoriyaya hibrid, “plug-in” hibrid və tam elektrik mühərriki ilə təchiz olunmuş avtomobillər daxildir.
2025-ci ildə ölkəyə 75 706 ədəd ekoloji təmiz minik avtomobili idxal edilib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 29 224 ədəd olub. Beləliklə, 2025-ci ildə həmin kateqoriya üzrə idxal 159,1% və ya 46 482 ədəd artıb. Bu, son beş ilin ən yüksək göstəricisi hesab olunur.
Son beş il ərzində azalma yalnız 2022-ci ildə qeydə alınıb. Belə ki, 2021-ci ildə 13 096 ədəd ekoloji cəhətdən təmiz minik avtomobili idxal edildiyi halda, 2022-ci ildə bu göstəricidə 9,7% və ya 1 273 ədəd azalma müşahidə olunub və nəticə təxminən 11 823 ədədə bərabər olub.
Ümumiyyətlə, son illərin statistikası ekoloji təmiz nəqliyyat vasitələrinə tələbin sürətlə artdığını göstərir.

Qeyd olunduğu kimi, 2025-ci ildə ölkəyə ümumilikdə 113 840 ədəd minik avtomobili idxal olunub.
İdxal edilən avtomobillərin strukturuna nəzər salsaq, onların 49,89%-nin və ya 56 794 ədədini “plug-in” hibrid minik avtomobillərinin təşkil etdiyini görürük. Maşınların 14,83%-i və ya 16 884 ədədi hibrid avtomobillərin, 1,78%-i və ya 2 028 ədədi isə tam elektrik mühərrikli nəqliyyat vasitələrinin payına düşüb. Qalan 33,5%-lik hissə və ya 38 134 ədəd avtomobil isə yalnız daxili yanma mühərriki ilə çalışan, yəni ənənəvi yanacaq növlərindən istifadə edən minik avtomobillərindən ibarət olub.
Beləliklə, 2025-ci ildə idxal olunan minik avtomobillərinin böyük hissəsini alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələri təşkil edib.
