Dünən

Kapitalın xəritəsi dəyişir: Azərbaycan ön sırada - MƏQALƏ

Azərbaycanın investisiya cəlbediciliyi son illərdə regional və qlobal iqtisadi proseslər fonunda əhəmiyyətli dərəcədə güclənib. Bu dinamikanın əsasında ölkədə formalaşmış siyasi sabitlik, iqtisadi siyasətin ardıcıllığı və idarəetmədə aparılan institusional islahatlar dayanır. Son onilliklər ərzində həyata keçirilən mərhələli islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub, strateji valyuta ehtiyatları rekord həddə çatıb, ölkənin kredit reytinqləri möhkəmlənib.

Bu amillər xarici və yerli investorlar üçün proqnozlaşdırıla bilən və əlverişli biznes mühiti formalaşdırır. Hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, investisiyaların qorunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və müqavilə öhdəliklərinə sadiqlik Azərbaycanın etibarlı tərəfdaş imicini daha da gücləndirir.

Əlverişli coğrafi mövqe ölkəni Şərqlə Qərb, Şimalla Cənub arasında strateji körpüyə çevirib. Bu üstünlük təkcə tranzit potensialı ilə məhdudlaşmır, eyni zamanda logistika, istehsal və xidmət sektorlarının inkişafı üçün geniş imkanlar yaradır. Xəzər hövzəsinin enerji ehtiyatları, şaxələndirilmiş ixrac marşrutları və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak Azərbaycanın qlobal dəyər zəncirlərinə inteqrasiyasını gücləndirir. Enerji sektorunda uzunmüddətli müqavilələrin icrası və transmilli şirkətlərlə qurulmuş tərəfdaşlıq ölkəyə investor etimadının əsas dayaqlarındandır.

Beynəlxalq iqtisadi təşəbbüslərdə fəal iştirak da investisiya imkanlarını genişləndirir. Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu enerji və nəqliyyat layihələri regionun iqtisadi xəritəsini dəyişdirib. Bu layihələr yalnız tranzit gəlirlərini artırmır, həm də yeni sənaye sahələrinin formalaşmasına, ixrac imkanlarının genişlənməsinə və texnologiya transferinə şərait yaradır. İqtisadiyyatın diversifikasiyası istiqamətində aparılan siyasət nəticəsində qeyri-neft sektorunun büdcə gəlirlərində payı artır. 2026-cı ildə dövlət büdcəsinin 57 faizinin qeyri-neft gəlirləri hesabına formalaşması hədəflənir. Vergi və gömrük güzəştləri, sənaye parkları və iqtisadi zonalar vasitəsilə tətbiq olunan stimullaşdırıcı mexanizmlər ölkənin rəqabət qabiliyyətini yüksəldir.

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri Azərbaycanın investisiya iqliminin beynəlxalq səviyyədə diqqət mərkəzində olduğunu göstərir. Bu səfər ABŞ və İsrailin işgüzar dairələrinin ölkəmizə artan marağının bariz nümunəsidir. Görüşlər zamanı ölkənin makroiqtisadi göstəriciləri, biznes imkanları və strateji layihələri barədə ətraflı məlumat verilib, Azərbaycanın açıq iqtisadi modelə sadiqliyi vurğulanıb.

Strateji coğrafi mövqeyini real iqtisadi üstünlüklərə çevirən Azərbaycan müasir infrastruktur quruculuğuna böyük investisiyalar yatırıb. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu ölkəni Avrasiya məkanında mühüm logistika qovşağına çevirib. Doqquz beynəlxalq hava limanı, müasir yük terminalları və yenilənmiş avtomobil yolları şəbəkəsi tranzit imkanlarını genişləndirərək təchizat zəncirlərində fasiləsizliyi təmin edir.

Enerji təhlükəsizliyi sahəsində də Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Betsi Berns Kornun fikrincə, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması enerji və yüksək texnologiyalar sahəsində əməkdaşlığın yeni mərhələyə keçidi üçün zəmin yaradır. Bu sənəd siyasi dialoqla yanaşı, investisiya və innovasiya əməkdaşlığını da təşviq edir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyulub və bu sərmayələrin qorunması dövlət siyasətinin prioritetidir. Enerji generasiya gücünün 10 min meqavata çatdırılması, əlavə potensialın mövcudluğu rəqəmsallaşma, süni intellekt və data mərkəzlərinin yaradılması üçün əlverişli zəmin formalaşdırır. Qlobal maliyyə fondları ilə əməkdaşlıq və valyuta ehtiyatlarının səmərəli idarə olunması investisiya cəlbediciliyini daha da artırır.

Son illərdə qanunvericiliyin təkmilləşdirilməsi investisiya mühitinin liberallaşdırılmasını təmin edib. Biznesə başlama prosedurlarının sadələşdirilməsi, lisenziyaların sayının azaldılması, elektron xidmətlərin genişləndirilməsi və yoxlamaların məhdudlaşdırılması sahibkarlıq mühitini daha çevik edib. Şəffaflıq və hesabatlılıq mexanizmlərinin tətbiqi investor risklərini azaldır. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycanın maliyyə sabitliyinin müsbət qiymətləndirilməsi ölkənin kredit qabiliyyətini möhkəmləndirir.

Azad edilmiş ərazilərdə iqtisadi fəallığın təşviqi investisiya siyasətinin yeni istiqamətidir. Son illərdə Qarabağ və Şərqi Zəngəzurda biznes qurmaq üçün 500-dən çox xarici şirkət müraciət edib. Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən olan investorların yüksək payı regional inteqrasiyanın iqtisadi nəticələrini göstərir. Türk İnvestisiya Fondunun yaradılması birgə layihələrin maliyyələşdirilməsinə əlavə imkan yaradır. Ağdam və Araz Vadisi sənaye parkları, eləcə də azad edilmiş ərazilərin iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş qərarlar bu regionların investisiya cəlbediciliyini artırır.

Bütün bu amillər Azərbaycanın investisiya mühitini kompleks şəkildə gücləndirir. Siyasi sabitlik, hüquqi təminatlar, enerji və logistika üstünlükləri, institusional islahatlar və beynəlxalq tərəfdaşlıq ölkəni regionun aparıcı sərmayə məkanlarından birinə çevirib.

MTM Analitik Qrupu 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?