Minimum maaş artıq avtomatik yenilənəcək?

Milli Məclis Əmək Məcəlləsinə dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Qanuna əsasən, minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Təhlil.az xəbər verir ki, dəyişikliyə əsasən, minimum əməkhaqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında yenilənəcək. Bununla da məbləğin dövri şəkildə artırılması hüquqi çərçivəyə salınıb.
Qeyd olunub ki, Dünya Bankı Qrupunun “Business Ready” hesabatında minimum əməkhaqqının dövri yenilənməsinin qanunvericilikdə məcburi olmaması bal itkisinə səbəb kimi göstərilib.
Bildirilib ki, dəyişiklik minimum əməkhaqqının sosial müdafiə aləti kimi effektivliyini artıracaq və ölkənin beynəlxalq reytinqlərdə mövqeyinə müsbət təsir göstərəcək.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.