Azərbaycan silah ixracında yeni mərhələyə keçir - TƏHLİL

Azərbaycan Müdafiə Sənayesinin gündən-günə böyüməsi artıq təkcə daxili auditoriyaya deyil, dünya bazarına da ünvanlanıb. Yerli istehsalın genişlənməsi, yüksək texnologiyalı hərbi avadanlıqların ixracı Bakı üçün yeni diplomatik alətlərə çevrilib. İndi bu alətlərdən biri də Vyetnamla qurulmaqda olan hərbi əməkdaşlıqdır.
Prezident İlham Əliyevlə Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın görüşündə səslənən fikirlər açıq mesaj idi. Bakı ilə Hanoy silah istehsalı və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq istəyir. Və bu, sadəcə xoş niyyət bəyanatı deyil. Tərəflər konkret layihələrdən danışmağa başlayıblar. Müzakirə olunan məsələlərə birgə müəssisələrin yaradılması, texnologiya transferi və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq daxildir.
Rəqəmlərə baxsaq, mənzərə aydındır. 2024-cü ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi təxminən 782 milyon manatlıq məhsul istehsal edib. Bunun 566 milyon manatı ixrac edilib. Bu, o deməkdir ki, hər 10 hərbi məhsuldan 7-si xaricə satılıb. Bu, artıq bazarda “Azərbaycan istehsalı” etiketinin keyfiyyət göstəricisinə çevrildiyini göstərir.
Vyetnamın marağı da elə bu reallıqlara əsaslanır. Onlar təkcə silah alıcısı yox, həm də tərəfdaş olmaq istəyirlər. Üstəlik, Vyetnam özünün Cənubi Çin dənizindəki gərgin geosiyasi mövqeyini nəzərə alaraq silahlı qüvvələrini gücləndirməyə ciddi önəm verir. ABŞ-Çin qarşıdurması fonunda müstəqil hərbi sənayeni inkişaf etdirmək Hanoyun prioritetlərindəndir. Bu baxımdan, Azərbaycanın texnologiya, təcrübə və istehsal gücü onlar üçün olduqca cəlbedicidir.
Təəccüblü görünə bilər, amma Vyetnamın da az qala 60-dan çox hərbi sənaye müəssisəsi fəaliyyət göstərir. Onların gəmiqayırma, artilleriya, sualtı qayıqlar, dron texnologiyası, raket sistemləri və radioelektron vasitələr sahələri ilə bağlı əhəmiyyətli təcrübələri var. Onların modern texnologiyalarla silah istehsalı, yeni materialların tətbiqi və IT təhlükəsizlik sahəsindəki bacarıqları Azərbaycana da faydalı ola bilər.
Azərbaycanla Vyetnamın birgə istehsal müəssisələri yaratması təkcə iki ölkə üçün deyil, üçüncü bazarlar üçün də əhəmiyyətli ola bilər. Xüsusilə Asiya və Afrika bazarlarında, harada ki, keyfiyyətli, lakin nisbətən münasib qiymətə silah axtarılır. Bu cür əməkdaşlıq məhsulları ciddi rəqabətə tab gətirə bilər.
Bu, sadəcə texniki deyil, həm də siyasi gedişdir. Azərbaycanın hərbi diplomatiyası təkcə Qərblə və ya yaxın regionla məhdudlaşmır. Bakı indi Asiya ölkələri ilə, o cümlədən Vyetnam kimi spesifik siyasi mövqeyi olan dövlətlərlə strateji əməkdaşlıq qurur.
TƏHLİL ANALİTİK QRUP