Netanyahu: "İsrail Çarli Kirkin qətlində iştirak etməyib"

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın tərəfdarı, amerikalı siyasi fəal Çarli Kirkin qətlində İsrailin iştirakına dair iddiaları qətiyyətlə rədd edib.
Təhlil.az xəbər verir ki, Netanyahu bu barədə “NewsMax TV” kanalına müsahibəsində danışıb.
“Bu tamamilə ağlasığmaz iddiadır. Bütün bu iddialar yalnız absurd deyil, həm də gülüncdür. İnsanların belə şeylər söyləməsinə inanmaq çətindir. Hadisəni törədən şəxs artıq tapılıb və məsələ araşdırılır”, – deyə o bildirib.
Baş nazir əlavə edib ki, Çarli Kirk daha əvvəl ona müxtəlif məsələlərlə bağlı məktublar göndərib:
“O, ideyaları ilə döyüş meydanında mübarizə aparırdı və qalib gəlmək potensialına sahib idi. Məhz buna görə onu güllələdilər. Ümid edirəm ki, onun ideyalarını susdura bilməyəcəklər. Mən inanıram ki, insanlar bu gülünc, absurd yalanlara boyun əyməyəcəklər”.