Bu gün

Rusiyanın “yumşaq güc” siyasəti iflasa uğrayır - TƏHLİL

Məlum həqiqətdir ki, müasir beynəlxalq münasibətlərdə dövlətlərin təsir imkanları təkcə hərbi və iqtisadi güclə ölçülmür. Bu gün informasiya texnologiyalarının sürətli inkişafı, qloballaşma proseslərinin dərinləşməsi və ölkələr arasında qarşılıqlı asılılığın artması “yumşaq güc” siyasətini daha da aktuallaşdırıb. “Yumşaq güc” anlayışı ilk dəfə amerikalı politoloq Cozef Nay tərəfindən irəli sürülüb və dövlətlərin zor tətbiq etmədən, cəlbedici ideyalar, mədəniyyət, diplomatiya, informasiya vasitələri ilə nüfuz qazanmaq bacarığını ifadə edir.

Rusiya Federasiyası da beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün “yumşaq güc” alətlərindən aktiv şəkildə istifadə etməyə çalışır. Amma bu zaman digər məqsədlərin güdülməsi nəticə etibarı ilə fiaskoya səbəb olur. Bunun bariz nümunəsini şimal qonşumuzun postsovet ölkələrinə, o cümlədən Azərbaycana münasibətdə yürütdüyü siyasətdə və onun iflasında görmək mümkündür.

Məsələ ilə bağlı Rusiyanın “The Insider” nəşri maraqlı araşdırma aparıb. Nəşr xatırladır ki, Rusiya prezidenti Vladimir Putin bu ilin avqust ayında Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə Prezident İdarəsini ləğv edib. Əvəzində Prezident Administrasiyasında strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə yeni idarə yaradılıb. Yazıda vurğulanır ki, Moskva keçmiş SSRİ ölkələrində “yumşaq güc”ünü irəlilətməyə nail olmayıb. Ayrılan vəsaitlərin çoxu mənasız tədbirlərə xərclənib, rəhbərlik isə tez-tez dəyişib.

Sözügedən idarə 2005-ci ildə, Ukraynadakı “narıncı inqilab”dan sonra yaradılıb. Fəaliyyət dairəsinə Azərbaycan, Ermənistan, Gürcüstan və digər postsovet respublikaları da daxil olub. İlk rəhbər Modest Kolerov qısa müddətdən sonra “həddindən artıq radikallığa görə” vəzifədən uzaqlaşdırılıb. Daha sonra isə əsasən xüsusi xidmət orqanlarının keçmiş əməkdaşları bu struktura rəhbərlik ediblər. Onların arasında Vladimir Çernov da olub. Çernovun çıxışları qonşu ölkələrdə NATO və ABŞ təhdidləri ilə qorxutma üzərində qurulub, amma real nəticə verməyib.

Araşdırmada göstərilir ki, idarənin planlaşdırma şöbəsinə rəhbərlik edən polkovnik Valeri Maksimov və Kremlpərəst təbliğatçı Sergey Mixeyev Gürcüstan, Qazaxıstan və Baltikyanı ölkələrdə seçki kampaniyaları təşkil etməyə çalışıblar. Amma bu kampaniyalar uğursuz olub. Məsələn, Gürcüstanda Rusiya milyonlarla dollar xərcləsə də, dəstəklədiyi partiya seçkilərdə cəmi 3 faizdən bir qədər çox səs toplayıb.

Nəşr həmçinin qeyd edir ki, Ermənistanda “köstəbəklər” vasitəsilə Nikol Paşinyan haqqında məxfi məlumatlar toplanıb, Azərbaycanda isə Rusiya təsirini gücləndirmək üçün QHT-lərin yaradılması təklif olunub. Lakin Azərbaycana yatırılan yüz milyonlarla dollar da nəticəsiz qalıb. Emissarlar tez-tez ölkəyə səfər etsələr də, tədbirlər daha çox formal xarakter daşıyıb və effektiv olmayıb.

2025-ci ilin əvvəlində Moskva ilə Bakı arasında gərginlik kəskinləşib. AZAL təyyarəsi ilə bağlı faciənin təfərrüatlarının gizlədilməsi və Yekaterinburqda qətl edilən azərbaycanlı qardaşların işində Rusiya tərəfinin qeyri-obyektiv davranışı Bakının sərt reaksiyasına səbəb olub. Bu isə Azərbaycanın kənar təhlükələri vaxtında neytrallaşdırmaq gücünü bir daha göstərib.

“The Insider” yazır ki, indi ləğv edilmiş idarənin bazasında yeni strateji tərəfdaşlıq və əməkdaşlıq departamenti yaradılacaq. Onun rəhbəri Kremlin əsas fiqurlarından Sergey Kiriyenko olacaq. Amma Ukrayna müharibəsi, Qərbin sanksiyaları və postsovet ölkələrinin artan ehtiyatlılığı fonunda Moskvanın bu sahədə uğur qazanması inandırıcı görünmür.

Beləliklə, Rusiyanın “yumşaq güc” siyasəti ciddi problemlərlə üzləşib. Ukraynaya hücum, Gürcüstan və Moldovadakı böhranlar, Qərbin sanksiyaları onun beynəlxalq imicini zədələyib. Bir çox dövlətlər Moskvanın mədəni və humanitar təşəbbüslərini təbliğat aləti kimi qəbul edir. Nəticədə hərbi müdaxilələr və siyasi təzyiqlər “yumşaq güc”ün effektivliyini zəiflədir. Bununla belə, Rusiya bu siyasətdən imtina etmir və onu hələ də xarici siyasətinin mühüm elementi hesab edir.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?