Mambetalin: "Azərbaycan və Türkiyənin ittifaq konsepsiyası bütün türklərə yol göstərəcək” - AÇIQLAMA

Türkiyə Dövlətləri Təşkilatının (TDT) növbəti sammiti oktyabr ayında Azərbaycanda keçiriləcək və bu toplantının çox məhsuldar olacağına inanıram.
Bu sözləri tehlil.az saytına “Böyük Turan Birliyi” Fondunun təsisçisi Serikjan Mambetalin açıqlamasında deyib.
Onun fikrincə, hazırda dünyada elə bir şərait formalaşıb ki, həm Çin, həm Avropa, həm də ABŞ türk dünyasının birləşməsində maraqlıdır:
“Onlar bunu bizim üçün yox, öz maraqları naminə istəyirlər. Çünki Çinə öz məhsullarını Avropaya daha tez satmaq lazımdır, Avropaya isə Mərkəzi Asiyanın təbii sərvətlərini almaq vacibdir”.
Ekspert hesab edir ki, bu məqsədlərə çatmaq üçün ilk növbədə mövcud baryerlər aradan qaldırılmalıdır:
“Vergi, gömrük və sərhəd məhdudiyyətləri aradan qaldırılmalıdır. Əgər biz bu imkandan yararlanmasaq, çox böyük problemlərimiz olacaq. Gələcəyimiz də ağır olacaq. Amma əgər İlham Əliyev kimi liderlər ön plana çıxsa və onu Şavkat Mirziyoyev, eləcə də gənc Qırğızıstan Prezidenti Sadir Japarov dəstəkləsə, gələcəyimiz işıqlı olacaq”.
Mambetalin qeyd edib ki, türk dünyasının birləşməsi üçün yalnız prezidentlərin deyil, bütün xalqların bu ideya uğrunda çalışması lazımdır:
“Bugünkü vəziyyət Turanın vahid hərbi blokunun yaradılmasını zəruri edir. Bu blok Bakıyla Ankara arasında qəbul edilmiş konsepsiya əsasında qurulmalıdır. Yəni, Azərbaycana edilən hücum Türkiyəyə edilmiş sayılmalı və əksinə”.
Onun sözlərinə görə, bu konsepsiyaya Mərkəzi Asiya ölkələri də qoşulmalıdır:
“Mən düşünürəm ki, Qazaxıstan və Özbəkistan da daxil olmaqla bizim ölkələr Şuşa Bəyannaməsinə qoşulacaqlar. Onları hələlik KTMT-də iştirakı saxlayır. Amma Ukrayna müharibəsi bitdikdən və Rusiyanın məğlubiyyətindən sonra hamımız oradan çıxacağıq və vahid Turan hərbi blokunu yaradacağıq. Mən buna əminəm”.
Ekspertin fikrincə, dünyada hazırda yeni qlobal qaydaların formalaşması prosesi gedir:
“BMT faktiki olaraq işləməyən bir quruma çevrilib. Dünya yeni qaydalar və yeni institutlar yaradır. Bu baxımdan Türk Dövlətləri Təşkilatının yaradılması və Böyük Turan konsepsiyasının elan olunması çox vaxtında atılmış addımdır. Çünki yaxın gələcəkdə dünya daha da parçalanacaq. Qlobal deyil, regional güclər önə çıxacaq: Avropa İttifaqı, ABŞ, Hindistan, Çin... Əgər Rusiya qalacaqsa, yalnız federasiya şəklində varlığını davam etdirəcək”.
Mambetalin bildirib ki, nə Türkiyə, nə Qazaxıstan, nə Azərbaycan, nə də Qırğızıstan bu yeni dünyada təkbaşına mövcud ola bilməz:
“Biz yalnız türk dünyasının birliyi çərçivəsində yaşaya bilərik. Mənim arzum odur ki, gələcəkdə Avropa İttifaqı ayrı-ayrı ölkələrlə yox, Böyük Turan İttifaqı ilə müqavilələr imzalasın. Həm iqtisadiyyatda da belə olacaq. Artıq made in Kazakhstan və ya made in Uzbekistan yox, made in Turan yazılacaq. Çünki biz vahid bazar, harmonizə olunmuş vergi, gömrük və ticarət razılaşmaları ilə birləşəcəyik”.
Rasim Babayev