POS terminallardan istifadə tariflərinin azaldılması təklif olunur

Azərbaycanda POS terminallardan istifadə üzrə yüksək komissiya haqlarının azaldılması təklif edilir.
Təhlil.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Elektron ticarət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2020-ci illə müqayisədə POS terminalların sayı 3,2 dəfə artaraq 184,4 minə çatıb. Bununla belə, terminalların 62,1 faizi Bakı şəhərinin payına düşür. Hazırda ölkədə 883 min aktiv vergi ödəyicisi olduğu halda, POS terminalların sayı təxminən 5 dəfə azdır.
V.Bayramovun sözlərinə görə, Azərbaycanda POS-terminal xidmətləri üzrə tariflər region ölkələri ilə müqayisədə yüksəkdir. Bu, xüsusilə mikro və kiçik sahibkarlar üçün əlavə xərc yaradır, nağdsız ödənişlərə marağı azaldır və istehlak qiymətlərinə təsir göstərir.
Deputat qeyd edib ki, bəzi hallarda mikro sahibkarların POS-terminal xərcləri tətbiq edilən 2 faizlik sadələşdirilmiş vergidən də çox olur. O, tariflərin optimallaşdırılmasını, Mərkəzi Bankın komissiya haqlarının azaldılması üçün əlavə tədbirlər görməsini və daxili interçeync sisteminin genişləndirilməsini təklif edib.
Onun fikrincə, bu addımlar nağdsız ödənişləri təşviq etməklə yanaşı, iqtisadiyyatın şəffaflaşmasına və qiymətlərin azalmasına da töhfə verə bilər.