Dövlət qurumlarına son bir həftədə genişmiqyaslı kiberhücumlar edilir

Son bir həftə ərzində dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar həyata keçirilir.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dövlət qurumlarına kiberhücumlar müntəzəm olaraq müşahidə edilir.
"Bu, belə deyək, fasiləsiz tərəfimizdən müşahidə olunan haldır. Amma son dövrlər və xüsusilə də son bir həftə ərzində dövlət qurumlarına və onların informasiya ehtiyatlarına, informasiya sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata keçirildiyini müşahidə edirik".
Nadir Novruzov qeyd edib ki, bu əsasən özünü DDoS hücumlar formasında həyata keçirilir və dövlət qurumlarının informasiya sistemlərinin fəaliyyətini dayandırmağa istiqamətlənmiş hücumlardır.
“Hücumların həyata keçirildiyi ölkəni demək bir az çətindir. Çünki DDoS hücumlar həyata keçirilərkən və xüsusilə də böyük həcmli DDoS hücumlar həyata keçirilərkən "botnet" şəbəkələrdən istifadə olunur. "Botnet" şəbəkələr isə dünyanın müxtəlif yerlərində yoluxdurulmuş cihazlardır.
Ona görə biz DDoS hücumlarını dünyanın müxtəlif yerlərindən müşahidə edirik və konkret olaraq hər hansısa bir ölkənin hücum etdiyini demək çətindir.
Son hücumlar ilk növbədə onların vaxtında aşkar olunması və yarada biləcəkləri fəsadların minimallaşdırılması kimi çağırışlar yaradır. Yəni hazırda mövzu kibertəhlükəsizlik yox, kiberdayanıqlılıqdır”,- deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir.
Tədbirin əsas məqsədi dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsini təşviq etmək, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, eləcə də müasir texnoloji çağırışlar və süni intellektin tətbiqi ilə bağlı aktual məsələləri müzakirə etməkdir.
Zirvə Toplantısı çərçivəsində süni intellektin dövlət idarəçiliyində və rəqəmsal infrastrukturlarda tətbiqi, yaratdığı imkanlar, yeni kibertəhlükələr, etibarlı, təhlükəsiz rəqəmsal dövlət prinsiplərinin tətbiqi, məlumatların idarə olunması, həmçinin informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması məsələləri müzakirə ediləcəkdir.