Nobel mükafatı ən çox hansı ölkələrə gedib?

2026-cı il üzrə mükafatların elan edilməsindən sonra Nobel mükafatı üzrə açıq məlumat bazasında qeydə alınan şəxslərin sayı 1000-ə çatıb.
Təhlil.az xəbər verir ki, bu barədə "Naked Science" nəşrində məqalə dərc olunub.
Doğulduqları ölkəyə görə statistikada - ABŞ, Böyük Britaniya və Almaniya öndədir.
Müasir sərhədlər əsas götürülməklə Nobel mükafatı laureatları doğulduqları ölkələr üzrə qruplaşdırıldıqda, ABŞ birinci yeri tutur. 2026-cı ilin nəticələri elan edildikdən sonra bu ölkədə doğulan laureatların sayı 300 nəfərə çatıb.
ABŞ-dən sonra 111 laureatla Böyük Britaniya, 86 laureatla isə Almaniya gəlir. Fransa 65 laureatla dördüncü, Yaponiya isə 31 laureatla beşinci yerdədir.
Hesablamanın əsasını Nobel təşkilatının sərbəst istifadə üçün təqdim etdiyi açıq məlumat bazası təşkil edir. Oktyabrın 17-nə olan məlumata görə, bazada 1000 nəfər və 28 təşkilat haqqında qeydlər yer alır. Reytinqə yalnız şəxslər daxil edilib və hər laureat bir dəfə nəzərə alınıb. Belə ki, Mariya Küri, Con Bardin və ya Frederik Senger kimi şəxslərin iki dəfə Nobel mükafatına layiq görülməsi onların hesablamada iki ayrı laureat kimi qeydə alınması demək deyil.
İlk beşlikdən sonra İsveç 30, Rusiya 29, Polşa 28, Kanada isə 23 laureatla sıralanır. Niderland və İtaliyanın hər birinin 20 laureatı var. Buna görə də diaqramda ümumilikdə 11 ölkə göstərilib. Böyük Britaniyanın göstəricisinə doğulduğu ölkə kimi “United Kingdom” (Birləşmiş Krallıq), Şotlandiya və ya Şimali İrlandiyanın qeyd olunduğu şəxslər daxildir. Qvadelupada doğulmuş laureat isə Fransanın göstəricisinə aid edilib.
Bu hesablama üsulu vətəndaşlığa və ya universitetlərə əsaslanan statistikadan fərqli nəticələr ortaya qoyur. Məsələn, Belçikada doğulmuş Frensis Halzen 2026-cı ildə ABŞ-də çalışdığı dövrdə fizika üzrə Nobel mükafatına layiq görülüb. Doğulduğu ölkə əsas götürüldüyünə görə o, Belçikanın göstəricisini artırır. Bir neçə dəfə vətəndaşlığını və ya universitetini dəyişmiş şəxs bu hesablama üsulunda yalnız bir ölkəyə aid edilir. Keçmiş imperiyaların və SSRİ-nin ərazilərində doğulmuş laureatlar isə müasir dövlətlər üzrə bölüşdürülüb.