Bu gün

İrəvandan mesaj: ucuz yanacaq və yeni imkanlar yalnız sülhlə gələcək - ŞƏRH

Ermənistanın uzun illər ərzində yaşadığı sosial-iqtisadi böhran və özünütəcrid vəziyyəti bu ölkəni regiondakı yeni reallıqları qəbul etməyə vadar edir. Qarşı tərəfin açıqlamaları göstərir ki, Azərbaycanla Yekun Sülh Sazişi yalnız siyasi sabitlik və təhlükəsizlik deyil, eyni zamanda iqtisadi tərəqqi, dirçəliş və sosial rifah baxımından da Ermənistan üçün vacib əhəmiyyət kəsb edir.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın sosial şəbəkə hesabında və mediaya müsahibəsində səsləndirdiyi etiraflar bunu bir daha sübut edir. O, Azərbaycanla münasibətlərin normallaşmasının Ermənistan iqtisadiyyatının “nəfəs almasına”, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olacağını bildirib. O da vurğulayıb ki, dayanıqlı sülhün təmin olunması ilə müharibə təhlükəsi aradan qalxacaq, regionda yollar və sərhədlər açılacaq, Ermənistan iqtisadiyyatı inkişaf üçün yeni imkanlar əldə edəcək.

A. Simonyanın son açıqlamaları Ermənistanın illərdir üzləşdiyi iqtisadi böhranı aradan qaldırmaq üçün yeganə çıxış yolunun regional əməkdaşlıq olduğunu göstərir. 30 ildən çox müddətdə işğalçılıq siyasəti yürütməsi bu ölkəni regionda Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bir sıra mühüm enerji və kommunikasiya layihələrindən kənarda qoyub. Bu müddətdə reallığa çevrilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionun iqtisadi xəritəsini tamamilə dəyişib. Ermənistan əlverişli tranzit əraziyə malik olmasına baxmayaraq, Azərbaycan və Türkiyə ilə münasibətlərinin gərginliyi səbəbindən bundan bəhrələnə bilməyib. Halbuki, Gürcüstan neft-qaz kəmərləri ilə daşınmalardan ildə orta hesabla 300 milyon dollaradək gəlir əldə edir.

Ermənistan parlamentinin spikeri son açıqlamalarında həm də iqtisadi əməkdaşlığın konkret istiqamətlərini göstərib. O, ikitərəfli münasibətlər normallaşacağı halda Ermənistan bazarında Azərbaycan məhsullarının satılacağını, xüsusilə benzinin ermənilər üçün daha ucuz başa gələcəyini deyib. Ermənistan hazırda yanacaq bazarında böyük ölçüdə Rusiyadan asılıdır və qiymətlər Moskvanın diktəsi əsasında formalaşır. Azərbaycan mal və məhsullarının yaxın illərdə Ermənistan bazarına ixracı bu ölkədə enerji və digər istehlak qiymətlərinin azalmasına təsir göstərə bilər.

Yekun Sülh Sazişinin imzalanmasından sonrakı illərdə Ermənistanın idxal və ixrac imkanları da genişlənəcək. Hazırda Ermənistanın xarici ticarət dövriyyəsi təxminən 15 milyard dollar civarındadır və bunun da 30 faizdən çoxu Rusiya ilə aparılır. Lakin Rusiyanın geosiyasi səbəblərdən bu ölkəyə qarşı tez-tez idxal qadağaları tətbiq etməsi, müxtəlif sabotajlara əl atması Ermənistanın iqtisadi təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Bu mənada, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması İrəvanın ixracı şaxələndirməsinə, idxalda isə daha sərfəli şərtlər əldə etməsinə imkan yarada bilər. Azərbaycanın enerji, kənd təsərrüfatı və tikinti materialları sahəsində güclü potensialı Ermənistanın daxili bazarında qiymətlərin azalmasına, rəqabətin isə artmasına səbəb ola bilər.

Azərbaycanın Cənubi Qafqaz regionunun ən güclü iqtisadiyyatına sahib olması bu gün fakt və rəqəmlərdə də təsdiqini tapır. Ötən il Cənubi Qafqaz ölkələrində – Azərbaycan, Ermənistan və Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) həcmi 133,9 milyard dollar təşkil edib. “Tradingeconomics” portalının açıqlamasına əsasən, 133,9 milyard dollarlıq ÜDM-nin 55,5 faizi (74,32 milyard dollar) Azərbaycanın, 25,2 faizi (33,78 milyard dollar) Gürcüstanın, 19,3 faizi isə (25,79 milyard dollar) Ermənistanın payına düşüb.

Geniş maliyyə resursları Azərbaycanı bir sıra ölkələrin iqtisadiyyatına böyük məbləğdə investisiyalar yatıran mühüm iqtisadi aktora çevirib. Məsələn, Azərbaycan Gürcüstan iqtisadiyyatına son 15 ildə 3,6 milyard dollardan çox sərmayə qoyub, Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarının həcmi isə 20 milyard dollara yaxınlaşır. Yekun Sülh Sazişi imzalanarsa, Azərbaycanın Ermənistan ərazisində də müəyyən tranzit layihələrini reallaşdırması, bu ölkənin logistika və enerji sahələrinə sərmayə qoyması mümkün ola bilər.

Bundan əlavə, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün nəticəsi kimi reallaşdırılmasına start verilən “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) layihəsi Azərbaycanla yanaşı, Ermənistan üçün də yeni imkanlar açır. Bu marşrut vasitəsilə Ermənistanın regional tranzit dəhlizlərində aktiv iştirakçıya çevrilmək şansı yaranıb. TRIPP çərçivəsində bu ölkə hər il yüz milyonlarla dollar dəyərində tranzit gəliri əldə edə bilər.

Bu reallıqlar fonunda Ermənistanın daxili ictimai rəyində Azərbaycanla sülhə münasibət müsbət mənada dəyişib. Ermənistan əhalisi imzalanacaq Yekun Sülh Sazişi fonunda regionda siyasi sabitliklə yanaşı, həm də sosial rifaha və iqtisadi inkişaf perspektivlərinə ümid edir. Müharibə və qarşıdurma artıq cəmiyyətin böyük hissəsi üçün mənasız və perspektivsiz kimi görünür. Çünki bu səhv siyasət nəticəsində Ermənistan iqtisadiyyatı uzun illər ərzində inkişafdan qalıb. Statistikaya görə, erməni əhalisinin təxminən 30 faizi yoxsulluq həddinə yaxın yaşayır, işsizlik səviyyəsi isə 15 faizə yaxındır.

Azərbaycanla sülhün və iqtisadi əməkdaşlığın təmin olunması bu rəqəmlərin azalmasına, Ermənistanın sosial-iqtisadi vəziyyətinin sabitləşməsinə ciddi təsir edə bilər. Bu ölkənin siyasi rəhbərliyinin etirafları göstərir ki, illərlə davam edən işğalçı siyasət nəticəsində regional layihələrdən təcrid olunan Ermənistan indi sülh vasitəsilə nəfəs almaq, bazarlarını genişləndirmək, sosial problemlərini həll etmək imkanları əldə etməyə çalışır.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?