Bu gün

Ermənistan prezidenti İlham Əliyevə inandığını bildirib: "Sülh şəraitində yaşamağa razılaşıblar"

“Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozmayacaq". Təhlil.az xəbər verir ki, bu fikri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına xüsusi müsahibəsində ABŞ-də iki ölkə liderlərinin birgə bəyannamə imzalamasını şərh edərkən bildirib.

"Bizim Vaşinqtonda əldə etdiyimiz ən mühüm şey odur ki, hər iki tərəf (mən Azərbaycan və Ermənistanı nəzərdə tuturam) sülh şəraitində yaşamağa razılaşıblar. Ən vacibi budur. Xüsusilə də belə yüksək səviyyədə: iki ölkənin iki lideri dedilər ki, biz həqiqətən hazırıq və sadəcə olaraq sülh şəraitində yaşamağa başlamaq üçün hər şeyi edəcəyik", - Xaçaturyan bildirib.

"Ermənistanın ərazi bütövlüyünün pozulmaması ilə bağlı Azərbaycan lideri İlham Əliyevə inanırsınızmı?" sualına Xaçaturyan "Əlbəttə" cavabını verib. Onun sözlərinə görə, imzalanmış sənəddə nizamlanmanın əsas prinsipləri və "Tramp marşrutu"nun (TRIPP, Zəngəzur dəhlizi - red.) iş prinsipləri sadalanıb.

"Birincisi - ərazi bütövlüyü. İkincisi - müstəqillik. Üçüncüsü -yurisdiksiya. Dördüncüsü - qarşılıqlılıq. Beşincisi - suverenlik. Bu qədər. Biz bu prinsiplər əsasında işləyəcəyik", - Xaçaturyan izah edib.

Qeyd edək ki, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ lideri Donald Tramp birgə bəyannamə imzalayıblar. Bundan əlavə, iki Qafqaz respublikasının xarici işlər nazirləri Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar. Tramp bildirib ki, Ermənistan və Azərbaycan 35 il vuruşub, indi onlar dostdurlar və uzun müddət dost olacaqlar.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?