Diplomatik sinxronluq: söz və əməl birliyi - TƏHLİL

Beynəlxalq gündəmin mürəkkəb xarakter aldığı, regional gərginliklərin kəskinləşdiyi bir dövrdə keçirilən növbəti Antaliya Diplomatiya Forumunda Türkiyə və Azərbaycan prezidentlərinin görüşü məhz yeni həll yollarının tapılması baxımından olduqca maraqlıdır. Bu baxımndan Prezident Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyevin görüşü iki qardaş ölkənin münasibətlərinin yeni səviyyəyə qaldırılmasından daha çox regional və qlobal siyasətə yön verən strateji müzakirə kimi dəyərləndirilməlidir. Bu baxımdan Prezident İlham Əliyevin Ərdoğanın xüsusi dəvəti ilə foruma qatılması Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər yüksək səviyyəsini təsdiqləyir. Prezident İlham Əliyevin forumun beynəlxalq əhəmiyyətinə toxunaraq onu “dünyanın aparıcı platformalarından biri” kimi xarakterizə etməsi bu tədbirin yalnız Türkiyə diplomatiyasının uğuru deyil, eyni zamanda türk dünyasının qlobal müzakirə masasında yerini gücləndirdiyini göstərir.
Görüşdə hər iki liderin münasibətləri “qardaşlıq və müttəfiqlik” kontekstində dəyərləndirməsi təsadüfi deyil. Bu ifadələr 2021-ci ildə Şuşada imzalanmış “Müttəfiqlik Bəyannaməsi”nin ruhunu əks etdirir. Həmin sənəd hüquqi zəmin baxımından nə qədər önəmlidirsə, Antaliyadakı bu cür görüşlər də onun siyasi və strateji davamı xarakterini daşıyır. Ona görə də dövlət başçıları arasında aparılan fikir mübadiləsi sadəcə ikitərəfli əlaqələrin genişlənməsi ilə məhdudlaşmır. Onlar Cənubi Qafqazda davam edən proseslər, xüsusilə Azərbaycan-Ermənistan münasibətləri, sülh gündəliyi və nəqliyyat xətlərinin açılması məsələlərini, həmçinin Yaxın Şərqdəki gərgin fonu dəyərləndiriblər. Bu, göstərir ki, Ankara ilə Bakı arasında strateji dialoq regional məsələlərdə paralel mövqelərə və ortaq maraqlara əsaslanır.
Antaliya Diplomatiya Forumu bu il “Yeni dünya nizamına doğru” şüarı ilə təşkil olunub. Bu şüar əbəs yerə seçilməyib. Çünki hazırda beynəlxalq münasibətlər sistemində köhnə paradiqmalar dağılıb, yeni güc mərkəzləri formalaşır. Belə bir keçid dövründə Azərbaycan və Türkiyə bir-birini arxayınlıqla dayaq nöqtəsi kimi qəbul edir. Prezident İlham Əliyevin bu forumda iştirakı həm regional liderliyin, həm də Türkiyə ilə ortaq siyasi dilin möhkəmliyini göstərir. Bu mənada hər iki liderin çıxışlarında, mövqelərində və diplomatik jestlərində sinxronluq diqqətdən yayınmır. Bu, sadəcə dövlət başçılarının şəxsi dostluğuna deyil, institutlaşmış müttəfiqliyə əsaslanır. Bakı ilə Ankara arasında enerji, müdafiə sənayesi, logistika, nəqliyyat və mədəni əlaqələr sahəsindəki əməkdaşlıq siyasi ritorikadan praktik müstəviyə keçib. Antaliyadakı görüş isə bu əməkdaşlığın davamlılığına verilən ən güclü siyasi zəmanətdir.
TƏHLİL ANALİTİK QRUP