Taylandın keçmiş kraliçası 93 yaşında vəfat edib

Taylandın keçmiş kraliçası, hazırkı kral Maha Vajiralongkornun anası və ölkənin ən uzun müddət taxtda qalan monarxı Bhumibol Adulyadejin həyat yoldaşı Sirikit 93 yaşında vəfat edib.
Təhlil.az xıbır verir ki, Tayland sarayının məlumatına görə, Sirikit bir neçə ildir xəstəxanada müalicə alırdı və son aylarda səhhətində ciddi pisləşmə müşahidə olunmuşdu. Açıqlamada qeyd olunur ki, o, bir neçə xəstəlikdən, o cümlədən qan zəhərlənməsindən əziyyət çəkib və cümə günü Çulalongkorn Xəstəxanasında dünyasını dəyişib.
Kral Vajiralongkorn kraliçanın vəfatı ilə əlaqədar kral ailəsinin üzvləri üçün bir illik matəm dövrünün başladığını elan edib. Sarayın məlumatına əsasən, mərhum Kraliça Sirikit-in cənazəsi paytaxt Banqkokdakı Böyük Zal – Dusit Tornda təntənəli şəkildə dəfn olunacaq.
Sirikit Tayland tarixində xüsusi yer tutan simalardan biri hesab olunur. O, həyat yoldaşı Kral Bhumibol Adulyadej ilə 66 illik evliliyi dövründə həm dəb ikonası, həm də “millətin anası” kimi böyük nüfuz qazanıb. Qərb mediası onu dəfələrlə ABŞ-ın keçmiş birinci xanımı Ceki Kennedi ilə müqayisə edib.
Taylandda kral ailəsi böyük hörmətlə qarşılanır və monarxiya ölkənin ictimai həyatında mühüm rol oynayır. Sirikit-in portretləri illərdir ictimai binalarda və şəxsi evlərdə nümayiş etdirilirdi.