Azərbaycan-Ermənistan münasibətlərində real sülh dövrü başlayır - MƏQALƏ

8 avqust tarixində ABŞ-nin Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda yeni reallıqlar yaratmaqla yanaşı, iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm addım oldu. Aradan keçən iki ay ərzində həm Azərbaycan, həm də Ermənistan tərəfi sülhə doğru qəti addımlar atdıqlarını nümayiş etdiriblər.
Məsələn, oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Kasım-Jomart Tokayevlə birgə mətbuat konfransında bildirib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb:
“Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, praktik müstəvidə reallaşmasının göstəricisidir.”
Prezidentin bu bəyanatı Ermənistanda müsbət qarşılanıb. Baş nazir Nikol Paşinyan və bir sıra dövlət rəsmiləri bu qərara görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür ediblər. Çünki bu addım Ermənistanın illərlə davam edən iqtisadi blokadadan çıxması anlamına gəlir. Uzun müddət regionda kommunikasiyaların bərpası ilə bağlı aparılan danışıqlarda ilk praktik addımı məhz Azərbaycan atıb. Bu, həm də Ermənistanın Moskvadan asılılığını azaltmaq istiqamətində mühüm dönüş kimi qiymətləndirilir. Bu səbəbdən rəsmi İrəvanda təşəkkür tonlu açıqlamalar səslənir, hətta erməni müxalifətinin bir hissəsi belə bu addımın ölkəyə faydalarından danışır.
Bununla yanaşı, 21–22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin görüşü də iki ölkə arasında etimadın və sülhün bərqərar olması baxımından önəmli hadisə sayılır. 30 illik fasilədən sonra Azərbaycana məxsus hava gəmisinin İrəvandakı Zvarnots hava limanına çarter reysi həyata keçirməsi qarşılıqlı inamın yeni mərhələsini nümayiş etdirib. Bu görüşün heç bir vasitəçi olmadan, xüsusilə də Qərb institutlarının iştirakı olmadan keçirilməsi onun əhəmiyyətini daha da artırır.
Əvvəlki illərdə Qərbin vasitəçiliyi ilə baş tutan danışıqlarda qərb aktorlarının diktəsi üstünlük təşkil edirdi. 2020-ci il müharibəsindən sonra isə vəziyyət tam dəyişib: Ermənistan artıq anlayır ki, sülhün gecikməsi onun iqtisadi və sosial vəziyyətinə mənfi təsir göstərir. Buna görə də vətəndaş cəmiyyətləri səviyyəsində baş tutan dialoqlar iki xalq arasında etimadın bərpası üçün mühüm körpü rolunu oynayır.
Lakin regionda sülhün ön plana çıxdığı bir vaxtda, İrəvanda revanşist ritorika yenidən canlanmağa cəhd göstərir. Son günlər erməni mətbuatında eks-prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın təsiri ilə “təhlükəsizlik qorxusu” mövzusu yenidən gündəmə gətirilir. Onlar siyasi qazanc əldə etmək məqsədilə cəmiyyətdə qisas hissini oyatmağa və yeni müharibə qorxusu ilə ictimai fikri manipulyasiya etməyə çalışırlar.
Ancaq bu cəhdlər artıq nəticə vermir. Müxtəlif sosial sorğular göstərir ki, erməni cəmiyyəti bu gün müharibə deyil, sülh istəyir. İnsanlar sabitlik, əməkdaşlıq və iqtisadi rifah arzusundadır. Bunun yeganə yolu isə Azərbaycanla sülhdən və qarşılıqlı əməkdaşlıqdan keçir.
Bu reallıqlar fonunda revanşist qüvvələrin təsir imkanlarının azaldığı, onların cəmiyyətdə ciddi dəstək qazana bilməyəcəyi aydın görünür. Ermənistan cəmiyyəti getdikcə daha çox qisas yox, sabit gələcək istəyir. Və bu gələcəyin açarı da məhz Azərbaycanla sülhün möhkəmlənməsindən keçir.
Hikmət Həsənov