Bu gün

ABŞ Cənubi Qafqazda yeni strateji fürsətlər axtarır – fokus Bakının üzərindədir - TƏHLİL

Azərbaycan, Gürcüstan və Ermənistan müstəqilliklərini ötən əsrin son onilliyində bərpa etdikdən sonra dünyanın bir çox güc mərkəzləri kimi ABŞ da Cənubi Qafqaz bölgəsinə böyük diqqət yetirib. Bu maraq müxtəlif faktorlarla şərtlənsə də, faktdır ki, ABŞ də daxil olmaqla beynəlxalq ictimaiyyətin diqqətini regiona cəlb edən əsas tərəf qismində hər zaman Azərbaycan çıxış edib. Bunun səbəbi isə tamamilə təbii xarakter daşıyır, ölkənin əhəmiyyəti, coğrafi mövqeyi, təbii resursları, xüsusilə də neft və qaz ehtiyatları həm Azərbaycanı, həm də bütün Cənubi Qafqazı 1990-cı illərdən etibarən dünyanın diqqət mərkəzinə gətirib.

Təbii ki, regionda mövcud münaqişələr və ziddiyyətlər də beynəlxalq marağın artmasında mühüm rol oynayıb.

Vaşinqton bu fonunda siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməklə enerji təhlükəsizliyinin təmin edilməsi, karbohidrogen ehtiyatlarının nəqli və milli maraqlarının irəli çəkilməsi məqsədilə Cənubi Qafqaz ölkələri ilə münasibətlərə daim xüsusi diqqət yetirib. Postsovet məkanında yeni müstəqil dövlətlərin yaranması ABŞ-ni regionda yeni prioritetlər formalaşdırmağa vadar edib.

Cənubi Qafqaz hələ Bill Klinton administrasiyası dövründən ABŞ xarici siyasətinin prioritetləri arasında yer alıb. “Klinton doktrinası” adlanan yeni qlobal strategiyada regionda hərbi münaqişələrin həlli, Avro-Atlantik strukturlara inteqrasiya, təhlükəsizlik mexanizmlərinə qoşulma və enerji əməkdaşlığı kimi istiqamətlər ön plana çəkilib. 1999-cu ilin martında ABŞ Konqresi “İpək Yolu Strategiyası Aktı”nı qəbul edərək Cənubi Qafqaz və Orta Asiyadakı müstəqil ölkələrə dəstəyini bəyan edib.

ABŞ-nin regiona marağı Cənubi Qafqazın geostrateji və geoiqtisadi potensialı ilə birbaşa bağlı olub. Buradakı sübut olunmuş və hələ kəşf edilməmiş enerji ehtiyatları, eləcə də dünya gücləri arasında resurslar uğrunda rəqabət Vaşinqtonun diqqətini artırıb. Bu, xüsusilə Xəzər dənizindəki, yəni Azərbaycandakı neft və qaz ehtiyatlarına aiddir. Xəzər nefti və qazı Rusiyadan yan keçərək Avropaya karbohidrogen tədarükünün şaxələndirilməsini təmin edir. Bu gün bu kateqoriyaya artıq yaşıl enerji də daxildir.

Eyni zamanda, Avrasiya qitəsinin mərkəzində yerləşən Cənubi Qafqaz unikal nəqliyyat-kommunikasiya imkanlarına malikdir. Region Şimalı Cənubla, Qərbi isə Şərqlə birləşdirir. Məşhur amerikalı strateq Zbiqnev Bjezinski “Böyük Şahmat Lövhəsi” əsərində Qafqazı Qara dəniz, Mərkəzi Asiya və Yaxın Şərqlə yanaşı, qlobal nəqliyyat üçün həyati əhəmiyyətli bölgə kimi təsvir etmişdi. O yazırdı ki, “bu regiona nəzarət edənlər transkontinental nəqliyyatda lider mövqeyə sahib olur”.

Bu baxımdan Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi və regionda yeni reallıqlar yaratması Cənubi Qafqazın geosiyasi dəyərini daha da artırıb.

Bu mövzular ABŞ-nin paytaxtı Vaşinqtonda “Hudson” İnstitutunun təşkil etdiyi “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” adlı konfransda bir daha diqqət mərkəzində olub. İnstitutun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran qeyd edib ki, avqustun 8-də Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş təkcə sülh prosesinə deyil, həm də ABŞ üçün yeni strateji imkanlara yol açıb. “Bu razılaşma Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqələri yenidən formalaşdıra bilər,” – deyə Doran bildirib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü senator Stiv Dayns isə vurğulayıb ki, əldə olunan razılaşma qarşılıqlı faydalı sülhməramlılıq nümunəsidir və regionun iqtisadi potensialını açır. “Azərbaycan–Ermənistan sülh sazişi diplomatik irəliləyişdir. Hər iki ölkə ABŞ ilə əməkdaşlıq şəraitində daha firavan və təhlükəsiz gələcəyə doğru addımlayır,” – deyə o bildirib.

Dayns əlavə edib ki, “Tramp marşrutu” (TRIPP layihəsi) kimi tanınan təşəbbüs Azərbaycanı Naxçıvanla birləşdirəcək və regionda yeni ticarət xəttinin əsasını qoyacaq.

“Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi isə qeyd edib ki, avqustun 8-də Donald Trampın iştirakı ilə keçirilən görüş iki ölkə münasibətlərində yeni başlanğıc nöqtəsi oldu. “İqtisadiyyat, biznes, enerji və təhlükəsizlik sahələrində ABŞ və Azərbaycanın ortaq maraqları var. Bu münasibətləri növbəti mərhələyə qaldırmaq üçün ən vacib addımlardan biri Prezident Trampın Azərbaycana səfəri olardı,” – deyə o vurğulayıb.

Bütün bu tendensiyalar onu göstərir ki, ABŞ-nin Cənubi Qafqaza marağı yenidən yüksəlib. Lakin bu dəfə Vaşinqton regionda daha fəal siyasət yürütmək niyyətindədir. Bu fəallığı şərtləndirən əsas səbəb Cənubi Qafqazın qlobal nəqliyyat və logistika şəbəkəsində artan roludur. Məhz bu müstəvidə həyata keçirilən layihələrin bəzilərinin təşəbbüskarı və aparıcı iştirakçısı Azərbaycandır.

Regionda yaranan yeni geosiyasi reallıqlar xüsusilə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və Orta Dəhliz layihəsinin aktuallaşması  Vaşinqtonun diqqətini daha çox iqtisadi və nəqliyyat inteqrasiyasına yönəldir. ABŞ üçün Cənubi Qafqaz təkcə enerji və təhlükəsizlik baxımından deyil, həm də Qlobal Cənub və Avrasiya arasında strateji körpü rolunu oynayan mühüm regiondur.

Yaxın dövrdə ABŞ-nin bölgədəki proseslərdə daha aktiv iştirakı gözlənilir və bu prosesin əsas strateji tərəfdaşı, şübhəsiz, Azərbaycan olacaq.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?