29 aprel

İşğaldan azad edilən ərazilərdə əkin başlanır: Torpaqlar kəndlilərə verildi

Zəngilanın Ağalı kəndində kənd təsərrüfatı üzrə yeni mərhələ başlayıb.

Təhlil.az xəbər verir ki, kənd sakinləri ilə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün icarə müqavilələri imzalanıb. Bu proses nəticəsində işğaldan azad olunmuş ərazilərdə ilk kənd təsərrüfatı kooperativləri yaradılıb.

74 nəfərdən daxil olan müraciətlərdən 68-i təsdiqlənib. Kənd sakinlərinin bir hissəsi kooperativlər şəklində birləşərək əkin sahələrini icarəyə götürüb. Ərazilərdə müasir damlama və çiləmə suvarma sistemləri tətbiq ediləcək. Torpaqlardan səmərəli istifadə edilmədiyi halda isə icarə müqavilələrinə xitam veriləcək.

Tədbir zamanı sakinlərə əkin üsulları, müasir texnologiyalar və dövlətin aqrar sahəyə dəstəyi haqqında geniş məlumat verilib, təlimlər keçilib və sertifikatlar təqdim olunub.

Bu təşəbbüs həm “Böyük Qayıdış” çərçivəsində kəndlərin dirçəldilməsi, həm də kəndlilərin iqtisadi fəaliyyətə inteqrasiyası baxımından mühüm addım hesab olunur.