02 iyun

Putindən Paşinyana zərif jest, sərt mesaj - MƏQALƏ

Kreml dünən qısa, lakin məna yüklü bir açıqlama yaydı ki, Prezident Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı 50 illik yubileyi münasibətilə təbrik edib, tərəflər arasında ikitərəfli və regional məsələlər müzakirə olunub. Diplomatik protokol çərçivəsinə uyğun görünən bu addım əslində Rusiya-Ermənistan münasibətlərində getdikcə dərinləşən gərginliyin fonunda Kremlin yeni taktikasını əks etdirir.

Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa və Qərbə inteqrasiyanı sürətləndirməyə yönəlik addımlar atır. NATO və Aİ ilə yaxınlaşma cəhdləri, ABŞ ilə hərbi təlimlər, KTMT-yə qarşı sərt tənqidlər Moskvanın əsəblərini tarıma çəkib. Ermənistanın "müstəqil xarici siyasət" ritorikası və qərbyönümlü xətti Kremlin bölgədəki ənənəvi hegemonluğuna açıq meydan oxuma kimi dəyərləndirilir.

Lakin Moskva bu dəfə fərqli yol seçib. Kreml ənənəvi sərt ritorika və təzyiq siyasəti yerinə, "yumşaq güc" alətlərinə əl atır. Paşinyana ünvanlanan təbrik zəngi bu kontekstdə yalnız bir diplomatik jest deyil, həm də Kremlin "orbitdən çıxmaqda" olan müttəfiqini yenidən öz təsir sahəsinə qaytarmaq cəhdidir.

Rusiya anlayır ki, sərt təzyiq Paşinyanı daha da Qərbə yaxınlaşdıra bilər. Ona görə də bu dəfə təzyiq əvəzinə təmkin, tərif və ənənəvi dostluq mesajları verilir. Bu, Moskvanın regionda yeganə müttəfiqini itirmək istəməməsinin göstəricisidir. Axı Gürcüstanla diplomatik münasibətlər 2008-dən bəri yoxdur, Azərbaycan isə artıq Kreml orbitindən uzaqlaşıb. Ermənistan da əldən çıxarsa, bu, Rusiya üçün Cənubi Qafqazda geosiyasi iflas deməkdir.

Ermənistanın Rusiya təsirindən tam çıxması hələlik real deyil. Enerji infrastrukturu, iqtisadi əlaqələr, təhlükəsizlik mexanizmləri və diaspor faktorları Ermənistanı Moskva ilə bağlayan əsas hallardır. KTMT-yə münasibətdə sərt tənqidlərə baxmayaraq, İrəvan bu təşkilatdan rəsmi şəkildə çıxmayıb. Bu da Kremlin əlində saxladığı kartlardan biridir.

Nəticə etibarilə, Putinin təbriki bir yubiley nəzakətindən çox, siyasi jestdir. Bu jestlə Kreml Paşinyana və onun ətrafına xatırlatmaq istəyir ki, Rusiya hələ də buradadır və Ermənistanın taleyində söz sahibi olmaq iddiasından geri çəkilməyib.

Bu isə Rusiyanın klassik diplomatiyasına yeni üslub, "zərif güc" əlavə etdiyini göstərir. Amma bu üslubun Paşinyanı Moskvaya nə qədər yaxınlaşdıracağı sual altındadır.

MTM Analitik Qrupu 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.