Fransa Cənubi Qafqazda Rusiyaya qarşı - TƏHLİL

Ermənistanın Gorus şəhərində Fransanın konsulluğu açılıb. Qeyd olunur ki, Qoris Frankofoniya Mərkəzinin direktoru Karmen Apunts Beşinci Respublikanın fəxri konsulu olub. Bir müddət əvvəl Fransa XİN Ermənistanda konsulluğun açılması barədə planlarından danışıb.
Məlumdur ki, diplomatik nümayəndəliyin açılış mərasimi Ermənistan və Fransa arasında mərkəzləşdirilməmiş əməkdaşlığa dair 5-ci konfrans çərçivəsində baş tutub. Gorus Ermənistanın Sünik, yəni Zəngəzur vilayətində yerləşir. Bu vilayət Naxçıvanla Azərbaycanın Qərb rayonları arasında yerləşməklə yanaşı, 44 günlük müharibədən sonra region və regiondan kənar ölkələr üçün strateji əraziyə çevrilib. Bu isə Zəngəzur dəhlizinin bu ərazidən keçməsi ilə bağlıdır.
Elə bu səbəbdən də 2022-ci ildə İran burada konsulluq açıb. Rusiya da belə bir məqsədinin olduğunu desə də, hələki ortada nə fal var, nə də yumurta. 2023-cü ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüşdə konsulluğun açılması məsələsinin müzakirə edildiyini bildirib.
2024-cü ilin noyabrında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova konsulluğun açılmasında yaranan gecikmə ilə bağlı narahatlığını bildirib. Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında bəyan edib ki, sözügedən konsulluğun açılması hələ də gündəmdədir. Göründüyü kimi, Rusiya gözləmədə olduğu bir vaxtda İran, ardınca da Fransa Gorusda konsulluq açıb. Bu isə Moskvanın Cənubi Qafqazda maraqlarının zəifləməsi, İrəvanın Qərbə qucaq açması ilə izah edilə bilər.
Bəzi fikirlərə görə, Fransanın Gorusda konsulluq açmaq üçün dəridən-qabıqdan çıxma səbəbi Zəngəzur dəhlizinə qarşı bir addımdır. Amma işin digər maraqlı tərəfi də odur ki, məhz bu dəhliz Avropa üçün də çox vacibdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, Afrikada Rusiya tərəfindən sıxışdırılıb çıxarılan Paris uran mənbələrindən məhrum olur. Sirr deyil ki, Fransada istifadə edilən elektrik enerjisinin 70 faizi məhz AES-lər tərəfindən istehsal edilir. AES üçün xam maddə isə urandır və fransızlar uzun illərdir onu Afrikadan təmin edirdilər. Geosiyasi dəyişikliklər fonunda Makronun iki il əvvəl Mərkəzi Asiyaya səfəri və uran tədarükü ilə bağlı danışıqlar aparması da təsadüf sayıla bilməz.
Rəsmi Parisin fikrinə görə, bu yükün Mərkəzi Asiyadan Fransaya daşınması üçün ən optimal marşrutlardan biri də məhz Zəngəzur dəhlizi ola bilər. Bu səbəbdən fransız hökuməti tələm-tələsik Gorusda konsulluq açaraq yaxın vaxtlarda fəaliyyətə başlayacaq dəhlizlə bağlı xəbərləri izləyir.
Ehtimal etmək olar ki, hətta Lavrovun da konsulluqla bağlı tələbinə rəsmi İrəvanın barmaqarası baxması Kreml tərəfindən xoş qarşılanmayacaq. Rusiya XİN başçısının səfərindən qısa müddət sonra Fransanın Gorusda konsulluq açması çox güman ki, Şimal küləyinin sərt əsəcəyinə işarədir.
Hikmət Həsənov