02 iyun

İdman xərçəng xəstəliyinin təkrarlanma riskini 28% azaldır

Kanada və Avstraliyadan olan beynəlxalq alimlər qrupu sübut edib ki, müntəzəm fiziki fəaliyyət xərçəng xəstələrinin ölüm riskini 37%, residiv ehtimalını isə 28% azaldır. Təhlil.az xəbər verir ki, kəşf haqqında məlumat “New England Journal of Medicine” (NEJM) elmi jurnalında dərc edilib və Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) konfransında təqdim olunub. On illik araşdırma zamanı mütəxəssislər yoğun bağırsaq xərçəngindən əziyyət çəkən 889 pasient üzərində təcrübə aparıblar.
Təlimçilər ilə məşq edən xəstələr (həftədə 3-4 dəfə 45-60 dəqiqə) yalnız standart tövsiyələr alan xəstələrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı nəticələr əldə ediblər.
"Məşqlərin heç bir əks təsir olmadan bir çox bahalı dərmanlardan daha təsirli olduğu sübut edildi", - deyə ASCO-nun baş həkimi doktor Culi Qralou bildirib.
Fiziki məşqlərin təsir mexanizmi kompleks şəkildə özünü biruzə verir: immunitet sistemini gücləndirir, iltihabı azaldır, sağlam çəki saxlayır və psixoloji rifahı yaxşılaşdırır.
Hazırda alimlər bu təcrübəni başqa xərçəng xəstələri üzərində də sınaqdan keçirmək istəyirlər.

Hikmət Həsənov

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.